İşçi qrupun rəhbəri: “Qırmızı kitab”ın əvvəlki nəşrlərində monitorinqlərin nəticəsi kifayət qədər dəqiq olmayıb” - MÜSAHİBƏ

Aydın Əsgərov

© APA | Aydın Əsgərov

# 12 aprel 2022 13:16 (UTC +04:00)

İşçi qrupun rəhbəri: “Qırmızı kitab”ın növbəti nəşri 2023-cü ilin may ayında yüksək keyfiyyətdə hazırlanacaq”

AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun APA-ya müsahibəsi

- Siz “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üçün yaradılmış İşçi qrupun rəhbərisiniz. III nəşrin hazırlanması prosesi hansı mərhələdədir?

- Tarixən insan və təbiət münasibətlərində tarazlığın qorunmasına çalışılıb. Amma bu tarazlıq pozulub. Təbiətə antropogen təsirlər artıb. Bu təsir ilk növbədə ən həssas qrup olan bitkilər aləmində, eyni zamanda heyvanlar aləmində özünü göstərir. Bunları nəzərə alaraq BMT 1948-ci ildə “Qırmızı kitab”ların nəşr edilməsi qərarını qəbul edib. Dünyada hər saat bir bitki orqanizmi yer üzündən silinir. Hər hansı bitkinin itib getməsi özü ilə ciddi informasiyalar apara bilər. Ola bilər ki, bizə adi alaq bitkisi kimi görünən bitki hər hansı bir ciddi xəstəliyin müalicəsində istifadə oluna bilən maddəyə malikdir. Bitkilərin arealının kiçilməsi və məhv olması ciddi beynəlxalq məsələdir. Onların qorunması üçün çoxlu mühafizə tədbirləri var. Milli parklar, qoruqlar, yasaqlıqlar yaradılır. Yaxud, nadir itmək təhlükəsi olan bitkilər götürülüb mədəni halda əkilir. Sonra toxum əldə edilir və reintroduksiya edilir. O metodlardan biri də “Qırmızı kitab”ların hazırlanmasıdır. Bu, dövlət sənədidir. Bu kitabın hazırlanması üçün Prezident sərəncam imzalayır, Baş nazirə tapşırıq verir və onun da öz sərəncamı olur. Daha sonra bu iş Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) tapşırılır. Onlar da müvafiq institutlarla birgə bu işi təşkil edir. “Qırmızı kitab”ların yeni nəşri bir qayda olaraq 10 ildən bir hazırlanır.

II nəşr 2013-cü ildə hazırlanıb. AMEA və ETSN rəhbərliyi tərəfindən qərara alınıb ki, növbəti nəşr 2023-cü ilin may ayında yüksək keyfiyyətdə hazırlanıb təqdim edilsin. Bununla bağlı bitki və heyvanat aləminin araşdırılması üçün işçi qruplar yaradılıb. İlkin olaraq son tədqiqatlar və Herbari fondlarında olan materiallar əsasında nadir bitkilərin siyahısı düzəldilib və ekspertizası aparılıb. Hazırda bu bitkilər siyahı üzrə müəyyən metodlarla təbiətdə axtarılır, ekspedisiyalar təşkil edilir, monitorinqlər aparılır, fotolar çəkilir, çünki bəziləri çox az rast gəlindiyi üçün onları toplamaq olmaz.

İşçi qrupun rəhbəri: “Qırmızı kitab”ın birinci nəşrinə cəmi 140 bitki növü daxil edilib”

- Elə bitkilər varmı ki, onlar əvvəlki nəşrlərdə var, amma III nəşrə salınmayıb və ya əksinə?

- Birinci nəşr 1989-cu ildə hazırlanıb. Bu kitabda həm bitkilər, həm də heyvanat aləmi birlikdə verilib. “Qırmızı kitab”ın birinci nəşrinə cəmi 140 bitki növü daxil edilib. 2013-cü ildə hazırlanan ikinci nəşrə isə birincidə olan 35 növ bitki daxil edilməyib. Elə hesab edilib ki, bu bitkilər geniş yayılıb və artıq onların mühafizəsinə ehtiyac yoxdur. Amma bizim apardığımız ekspertiza işləri onu göstərdi ki, ötən nəşrdə monitorinqlərin nəticəsi kifayət qədər dəqiq olmayıb. “Qırmızı kitab”ın yeni nəşrinə həmin 35 bitki növündən 14-ü yenidən əlavə ediləcək. Çünki bunlar hələ də nadir bitkilərdir və onların qorunmasına ehtiyac var. Onlara Fələstin qumotu, Zəngçiçəyi, Cuzqun, Vələmir, Südləyən, Dazıotu növləri, Hirkan sufındığı və s. daxildir.

İşçi qrupun rəhbəri: “Biz “Qırmızı kitab”ın üçüncü nəşrinə 450 nadir bitki növünün daxil edilməsini təklif edirik”

- “Qırmızı kitab”ın növbəti nəşrinə ümumilikdə nə qədər bitki növü salınacaq?

- Azərbaycanda 5000-ə yaxın ali bitki növü var. “Qırmızı kitab”ın ikinci nəşrinə 300 bitki növü daxil edilib. Biz “Qırmızı kitab”ın üçüncü nəşrinə 450 nadir bitki növünün daxil edilməsini təklif edirik. Bu, təxminən bizim floramızın 10%-ni təşkil edir. İkinci nəşrdə elə bitkilər var ki, artıq onların xüsusi mühafizəsinə ehtiyac yoxdur. Bizim apardığımız tədqiqatlar nəticəsində məlum oldu ki, 2013-cü ildən bugünədək onlardan bəzilərinin arealı genişlənib və ya nadir bitki olaraq “Qırmızı kitab”a salınması düzgün deyil. Belə bitkilərdən 27 növ növbəti nəşrə salınmayacaq. Bu növlər artıq geniş yayılan növlərdir.

İşçi qrupun rəhbəri: “221 növ bitki “Qırmızı kitab”ın III nəşrinə qırmızı siyahıda daxil ediləcək”

- “Qırmızı kitab”ın III nəşrini digərlərindən fərqləndirən nə olacaq?

- Yenilik olaraq onu qeyd edim ki, üçüncü nəşrdə nadir bitkiləri iki kateqoriyaya ayırmışıq. Bəzi bitkilər qırmızı, bəziləri çəhrayı siyahıda veriləcək. 221 növ bitki “Qırmızı kitab”ın III nəşrinə qırmızı siyahıda daxil ediləcək. Bu o deməkdir ki, həmin bitkilərin ciddi mühafizəyə ehtiyacı var və onların mühafizəsi üçün təxirəsalınmaz tədbirlər lazımdır. Əgər o tədbirlər görülməsə, bu bitkilərin yaşaması təhlükə altına düşə bilər. Bunların arealları kiçikdir və çox həssas bitkilərdir. 51 növ bitki isə çəhrayı siyahıya salınacaq. Bu növlərin isə məhv olma təhlükəsi o qədər də ciddi deyil. Amma buna baxmayaraq, bunları dövlət nəzarətindən çıxarmaq olmaz. Bunlar da “Qırmızı kitab”ın içində siyahı kimi verilməlidir ki, bu bitkilər qırılanda əlaqədar təşkilat göstərə bilsin ki, həmin növ “Qırmızı kitab”da var. Yeni nəşrə salınan 450 növdən 150-si yeni bitkilərdir, əvvəlki nəşrlərdə olmayıb. Bundan başqa yeni nəşrdə olan bitkilərin dəqiq qiymətləndirilməsi aparılacaq, limit faktorlarının müəyyənləşdirilməsinə və mühafizə tədbirlərinin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

İşçi qrupun rəhbəri: “Qırmızı kitab”da nadir növlər də kateqoriyalara bölünür”

- “Qırmızı kitab”a salınan bitkilər hansı xüsusiyyətlərinə görə nadir hesab edilir və ölkəmizdə artıq məhv olmuş bitkilərdən danışa bilərsiniz?

- Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq İttifaq nadir bitkilərin qiymətləndirilməsi üçün təsnifat hazırlayıb. Axı hər bitkiyə də nadir deyə bilmərik?! Elə bitkilər var ki, məhv olub, tapılmır, amma onun uzun illər bundan əvvəl toplanmış herbarisi var. O, böyük ehtimalla artıq nəsli kəsilmiş hesab edilir. Həmin bitkilərin bitmə şəraiti də demək olar ki, tamamilə pozulub. Məsələn, Azərbaycan ərazisində qıjıların osmunda növü var ki, onun herbarisi 1926-cı ilə aiddir. Amma bu günə kimi bu növ hələ tapılmayıb. Hesab edirik ki, o bataqlıqda bitir. Ola bilər ki, bataqlıqların qurudulması prosesində bu növ də məhv olub. Yaxud elə Fələstin qumotu 1930-cu ildən sonra tapılmayıb. Hesab olunur ki, Abşeron qumluqlarında olan antropogen təsirlər nəticəsində bitkinin bitmə yeri korlanıb. Bu bitkilər tapılmır, amma “Qırmızı kitab”a salınmasını təklif edirik ki, axtarılsın və tədqiqata cəlb edilsin. Mən təklif etmişəm, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də şərait yaradacağına söz verib ki, bu il Fələstin qumotu bitkisini Abşeronun adalarında axtaraq. “Qırmızı kitab”da nadir növlər də kateqoriyalara bölünür. Nəsli kəsilmişlər, kritik təhlükə həddində olanlar, ətraf-mühitin dəyişikliklərinə həssas olanlar, təhlükəli həddə yaxın olanlar və s. Ümumilikdə yeddi, doqquz kateqoriya var.

“Növbəti nəşrin heyvanat aləmi ayrıca cilddə nəşr olunacaq, “Qırmızı kitab”ın ikinci nəşrində olduğu kimi”

- “Qırmızı kitab”ın üçüncü nəşrinin bitkilər aləmi hissəsinin hazırlanması üçün nə qədər insan çalışır? Çünki kitabın ikinci cildi heyvanlar aləminə aid olacaq, komanda kifayət qədər böyükdür.

- Bəli, növbəti nəşrin heyvanat aləmi ayrıca cilddə nəşr olunacaq, “Qırmızı kitab”ın ikinci nəşrində olduğu kimi. Heyvanat aləmini AMEA Zoologiya İnstitutu aidiyyəti qurumlarla birgə hazırlayır. Bitkilər aləminə həsr olunacaq cildin hazırlanmasında isə 30-a yaxın akademik, elmlər doktoru, professor və gənc tədqiqatçılar iştirak edir. Onların arasında Genetik Ehtiyatlar İnstitutundan, Bakı və Gəncə Dövlət universitetlərindən, Naxçıvan Muxtar Respublikasının institut və universitetlərindən alimlər cəlb olunub. Onların hər birinə tədqiqata cəlb olunan növlərin siyahısı verilib. Həmçinin, bizimlə müstəqil əməkdaşlıq edən tədqiqatçılar da var.

- “Qırmızı kitab”a salınacaq nadir növlər necə müəyyənləşir?

- AMEA-nın Botanika və Genetik Ehtiyatlar İnstitutlarının və Bakı Dövlət Universitetinin Herbari fondu var. Əvvəlcə, tədqiqatçı baxır ki, bu fondlarda siyahıda olan nadir bitkinin nümunəsi varmı? Fərq etmir bu 100, ya da daha çox ilin nümunəsi ola bilər, bu bitkinin toplanıldığı və rast gəlindiyi əraziyə baxılır.

Sonra həmin əraziyə ekspedisiya təşkil edilir və bitkiyə yerində baxılır. Hazırda İnstitutumuzun 3 ekspedisiya qrupu Gəncə, Kür-Araz ovalığı və Cənub bölgəsində ekspedisiyadadır. Onlar erkən yaz bitkilərinə baxış aparır. Qruplar bu cür bitkiləri təbiətdə axtarırlar. Bu bitkilərin arealına baxılır, monitorinqlər aparılır, orijinal fotoları çəkilir. Həmin bitkilərin qiymətləndirilməsi üçün xüsusi blank tərtib edilib, ekspedisiyada olan əməkdaş həmin blankı da doldurur. Qayıtdıqdan sonra hər bir bitki haqda oçerk yazılır, onların areal xəritələri tərtib edilir. Növlərin arealının kiçilməsi və itmə təhlükəsi altına düşməsinin səbəbləri göstərilir. Bizim əməkdaşlar tərəfindən toplanması mümkün olan və həmin növə zərər vurmayan bəzi nadir növ bitkilər toplanılır və qurudularaq herbarilər hazırlanır. Bizim herbari fondumuz olduqca zəngindir. Burada hətta 1906-cı ilə aid nümunələr də var.

- Nadir bitkilərin mühafizəsi üçün hansı tədbirlər görülməlidir, hansı tövsiyələr var?

- Bəzi dərman və qida bitkiləri var ki, onların intensiv surətdə toplanması yalnız lisenziya ilə olmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi icazələr verilməlidir. Yəni, toplanılma qədərində və qaydasında olmalıdır. Nadir bitkilərin mühafizə tədbiri kimi onların populyasiyasına nəzarət edilməlidir. Bələdiyyələr və digər yerli orqanlar belə nadir bitkilərin kortəbii toplanmasının qarşısını almalıdır. Elə bitkilər var ki, onların populyasiyası çox azdır, təklif edirik ki bu ərazilərdə xırda qoruqlar yaradılsın. Buna rezervatlar deyilir. Ola bilsin ki, bir növün 5 fərdi var, onlar xüsusi qaydada qorunmalıdır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmin edə bilər. Digər bir mühafizə tədbiri odur ki, nadir bitkinin toxumu yığılır və təcrübə sahələrində artırılır və öz arealına reintroduksiya edilir.

“Gələcəkdə “Qarabağın Qırmızı Kitabı”nın ayrılıqda hazırlanması nəzərdə tutulub”

- Nadir olduğu bilinmədən əhali arasında istifadə edilən bitkilər varmı?

- Bu gün bazarda o qədər dərman və yeyilən bitkilər satılır ki, insanlar bu bitkiləri istifadə edir və bilmirlər ki, bunlar nadir növlərdir. Məsələn, çaşır, qulançar, əvəlik kimi bitkilər yeyilmək üçün istifadə edilir və ya cənub zonasında yetişən danaya bitkisi var. Bu bitki isə gül buketlərinə qoyulur. Dərman kimi istifadə olunan bitkilərdən dazıotu, itburnunun bəzi növləri, bağayarpağı, səhləb və yabanı soğan növləri əslində nadir bitkilərdir. Onların arealı kifayət qədər məhdudlaşıb. Bütün bunlar isə belə bitkilərin kökünü kəsir. Çünki onların arasında elə bitkilər var ki, kökümsovludur, soğanağı var. Yerdən çıxardınsa, onun nəslini kəsirsən.

- “Qırmızı kitab”ın III nəşrində işğaldan azad edilmiş ərazilərdə rast gəlinən nadir bitkilər də yer alacaq?

- Həm Botanika İnstitutunda, həm də Genetik Ehtiyatlar İnstitutunda “Qarabağın nadir və itmək təhlükəsi olan bitkiləri” mövzusunda tədqiqatlar aparılır. Bu ərazidə ən azı 800-dən çox nadir ali bitki növü var. Biz bunları fond materialları, herbarilər əsasında müəyyən etmişik. Mən 80-ci illərdə AMEA Botanika İnstitutunda Sistematika və Herbari şöbəsinə rəhbərlik edərkən Qarabağa və Azərbaycan-Ermənistan sərhədinə çox saylı ekspedisiyalar təşkil etmişəm. Həmin ərazilərdə rast gəlinən nadir bitkilər “Qarabağ və Gəncəbasar” adlı monoqrafiyada və mənim “Azərbaycanın Bitki Aləmi” kitabımda təhlil edilib. Hazırda onlardan 250-nin itmə təhlükəsində olması dəqiqləşdirilib. Bunların siyahısını hazırlamışıq. Onların bəzilərini “Qırmızı kitab”ın III nəşrinə sala bilmirik. Belə qərara alınıb ki, bu nəşrə, əsasən bizim məlumatımız olan bir neçə növ salınsın. Yaxın gələcəkdə “Qarabağın Qırmızı Kitabı”nın ayrılıqda hazırlanması nəzərdə tutulub. Minaların təmizlənməsindən sonra bu proses daha da sürətlənəcək. “Qarabağın Qırmızı Kitabı”na bəzi tülpan növləri, süsən və zümrüd çiçəyi kimi itmək təhlükəsi olan bitkilər salınacaq. Xarı bülbül də bu kitabda yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR