Mülki müdafiə ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTO - VİDEO

Mülki müdafiə ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTO  - VİDEO
# 11 noyabr 2022 11:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA xəbər verir ki, konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, “Mülki müdafiə fənni” tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyən edilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, “Mülki müdafiə fənni”nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılması olub.

Əvvəlcə, konfrans iştirakçıları mülki müdafiə sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə FHN tərəfindən hazırlanmış videoçarxı izləyiblər.

Sonra FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədilə mülki müdafiə sisteminin inkişafında elm və təhsilin rolundan bəhs edib, bu sahədə elmi tədqiqatların aparılmasının, innovativ və texnoloji yeniliklərin əldə olunmasının, “Mülki müdafiə fənni”ni tədris edən kadrların biliyinin təkmilləşdirilməsi, onların ixtisaslarına uyğun, mülki müdafiə sahəsində praktiki təcrübələri nəzərə alınmaqla seçilməsinin, ali təhsil müəssisələrində digər kafedralarla yanaşı, mülki müdafiə kafedralarının açılmasının, “Mülki müdafiə fənni”nin tədrisi üzrə dərs vəsaitlərinin Azərbaycan, rus, həmçinin, ingilis dili bölmələri üçün hazırlanmasının təşkilinin vacibliyindən danışıb.

Baş idarə rəisi “Mülki müdafiə fənni” üzrə tədris və tədris-metodiki vəsaitlərin, dərsliklərin, kitabların, o cümlədən elektron tədris vəsaitlərinin hər bir təhsil müəssisəsinin profilinə uyğun hazırlanmasının və bu sahədə mövcud qanunvericilik aktlarından istifadə edilməklə mülki müdafiə tədris sisteminin müasirləşdirilməsi və maddi-tədris bazasının müasir dövrün tələbləri səviyyəsində qurulmasının, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə məlumat mübadiləsi və nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

“Mülki müdafiə fənni”nin tədrisi ilə əlaqədar mütəmadi olaraq elmi-praktiki konfransların, seminarların, mülki müdafiə məsələlərinə həsr olunmuş digər kütləvi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan Niyazi Zamanov mülki müdafiənin tədrisi ilə bağlı açıq dərslərə digər tədris müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin dəvət edilməsinin, ali təhsil müəssisələrinin və FHN Akademiyasının professor və müəllim heyəti ilə mülki müdafiə məsələlərinə həsr olunmuş görüşlərin keçirilməsinin və elmi-təcrübə mübadilələrinin aparılmasının, “Mülki müdafiə fənni”nin proqramlarına praktiki saatların daxil edilməsinin (mülki müdafiə işi nümunəvi təşkil olunan obyektlərdə praktiki dərslərin keçirilməsi) vacibliyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli isə ali təhsil müəssisələrində mülki müdafiə sahəsində keçirilən dərslərdə boşluqlar olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu boşluqların bir qismi müəllimlərdən irəli gəlirsə, digər qismi də tədris proqramlarının günün tələblərinə cavab verməməsindən qaynaqlanır: “Bu boşluqları aradan qaldırmaq üçün təhsil müəssisələrimizin Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etməsi mühüm şərtlərdən biridir”.

Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR