“Hər il 4 aprel tarixində qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü minaların və digər partlayıcı qurğuların sülhə, təhlükəsizliyə və insan həyatına ciddi problem yaratdığı ölkələrdə minatəmizləmə potensialının yaradılmasının və inkişafının təşviqinə xidmət edir”.
Bu barədə Ombudsman Aparatından APA-ya verilən xəbərdə deyilir. Bildirilib ki, çox təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə basdırılan və dəfələrlə tələb edilməsinə baxmayaraq hələ də dəqiq xəritələri ölkəmizə təhvil verilməyən işarələnməmiş minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır:
"10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 30 mülki şəxs həlak olub, 112 hərbi qulluqçu, 49 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Qeyd edilib ki, bununla əlaqədar Azərbaycan Ombudsmanının beynəlxalq təşkilatlara ünvanlandığı bəyanat və müraciətlərdə, habelə təqdim etdiyi hesabatlarda insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan həmin faktlar təqdim olunub və mandatları çərçivəsində təcili tədbirlər görməklə bağlı çağırışlar edilib:
"Bu gün bütün dünya insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır" - deyə bildirilib.