“Bu gün qonşularımızla münasibətlərimiz əvvəlkindən xeyli yaxşıdır”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian televiziyada çıxışı zamanı deyib.
İrana qarşı son müharibə və ABŞ-ın tətbiq etdiyi mühasirə fonunda İranın vəziyyətindən danışan Pezeşkian bildirib ki, qarşı tərəf göstərilən təzyiqlər nəticəsində İranın çökməsini gözləyirdi.
"ABŞ İranın tətbiq edilən təzyiqlər nəticəsində süqut edəcəyini düşünürdü. Onlar uzun illərdir iqtisadi təzyiqləri artırır və ölkəmizi çətin vəziyyətə salmağa çalışırlar. Hazırkı hökumət dövründə bu təzyiqlər maksimum həddə çatıb. Onlar öz təhlillərində də İranın niyə çökmədiyinə təəccüblənirlər", –Pezeşkian bildirib.
İran Prezidenti ABŞ-ın hücumları və tətbiq etdiyi mühasirədən sonra qonşu ölkələrlə münasibətlərin genişləndirildiyini vurğulayıb.
Onun sözlərinə görə, mühasirədən sonra qonşu ölkələrlə ticarət marşrutları yaradılıb və genişləndirilib.
"Bu gün qonşularımızla münasibətlərimiz əvvəlkindən xeyli yaxşıdır", – deyən Pezeşkian bildirib ki, ABŞ-ın planlarından biri də İranın şimal-qərb və cənub-şərq sərhədləri vasitəsilə ölkədə sabitliyi pozmaq olub. Lakin qonşu dövlətlər buna imkan verməyiblər.
İran Prezidenti sanksiyalara da toxunaraq qeyd edib ki, neft ixracının məhdudlaşdırılması ölkənin valyuta gəlirlərini azaldır və bu da iqtisadi çətinliklər yaradır.
O vurğulayıb ki, problemlərin azaldılması üçün yeni yollar tapılmalıdır.
Pezeşkian əlavə edib ki, su, elektrik, qaz, benzin və dizel yanacağı sahələrində islahatların aparılması zəruridir və bu islahatlar həyata keçirilməsə, mövcud problemlər daha da dərinləşəcək.