Özbəkistan prokurorluğunun nümayəndə heyəti Bakıya gəlib

Özbəkistan prokurorluğunun nümayəndə heyəti Bakıya gəlib
# 10 iyun 2022 12:40 (UTC +04:00)

Bakı şəhərində 2021-ci ilin 1 noyabr tarixində keçirilmiş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan prokurorluğunun nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan E.Məmmədov bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, ölkə başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.

Özbəkistan Baş Prokurorluğunun idarə rəisi Bəxtiyor İbrohimov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

Səfər çərçivəsində qonaqlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin, Elm-Tədris Mərkəzinin, Sumqayıt şəhər prokurorluğunun fəaliyyəti, habelə ölkəmizin zəngin mədəni-tarixi irsi ilə tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR