Azər Bayramov: "Sosial həssas qrupla bağlı kriteriyalara gərək Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə baxaq"

Azər Bayramov: "Sosial həssas qrupla bağlı kriteriyalara gərək Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə baxaq"
# 06 avqust 2020 12:27 (UTC +04:00)

“Sosial həssas qrupa aid olan tələbələrin sayının artırılması məsələsinə Təhsil Nazirliyi ilə birgə baxa bilərik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bu tələbələr xüsusi kriteriyalar əsasında müəyyənləşib. Onun sözlərinə görə, büdcədə bu istiqamətdə də kifayət qədər vəsait nəzərdə tutulub: “Pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində bütövlükdə dövlət büdcəsi hesabına maliyyələşən tələbələr üçün əlavə 40 milyon manat vəsait ayrılıb. Artıq 2020-ci ilin ikinci semestri ilə bağlı 13 milyon manat bu istiqamətə yönəlib. Bu kriteriyalara yenidən gərək Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə baxaq. Çünki vəsaitlərin ayrılması, həm də onların şəffaf xərclənməsinə də nəzarət lazımdır. Bu günə kimi müəyyən olunmuş əlavə kriteriyalar konkret mənbələri məlum olan məlumat bazalarına əsaslanır. Bu sayın genişlənməsi vacib amildir. Amma burada konkret kriteriyaların müəyyən olunması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR