Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə üçün koordinasiya mexanizmi yaradılacaq

Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə üçün koordinasiya mexanizmi yaradılacaq
# 27 fevral 2020 18:31 (UTC +04:00)

Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün koordinasiya mexanizmi yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti və Ədliyyə Nazirliyi 2020-ci ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin (risk qiymətləndirilməsi) dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və koordinasiya mexanizminin yaradılmasını təmin etməlidir. Tapşırığın icrası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya da tövsiyə edilib.

İqtisadiyyat Nazirliyi və Maliyyə Monitorinqi Xidməti bu il risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiyanı müəyyənləşdirməlidir.

Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2020-2022-ci illərdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş nəzarət orqanlarının nəzarət etdikləri monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə illik sahəvi risk qiymətləndirilməsi aparmaları və nəticələr barədə maliyyə monitorinqi orqanını məlumatlandırmalarını təmin etməlidir.

Eyni zamanda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Maliyyə Monitorinqi Xidməti 2020-2022-ci illərdə cinayət təqibi orqanlarının istintaq aidiyyətinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına şərait yaradan cinayətlər üzrə illik risk qiymətləndirilməsi aparmaları və nəticələr barədə maliyyə monitorinqi orqanını məlumatlandırmalarını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR