BNA: Paytaxtın bəzi küçə və prospektlərində avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılır - VİDEO

BNA: Paytaxtın bəzi küçə və prospektlərində avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılır - VİDEO
# 01 dekabr 2020 11:22 (UTC +04:00)

"Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər verilib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır".

Mais Ağayev qeyd edib ki, hazırda Mikayıl Hüseynov xüsusi zolaq yaradılıb, gərəkli olan yol nişanları quraşdırılıb və işarələnmə həllini tapıb.

BNA sözçüsü deyib ki, paytaxtdakı xüsusi avtobus zolaqları əsasən pandemiya dövründə xüsusi nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradacaq. Onun sözlərinə görə, xüsusi zolaqlar həmçinin sərnişinlərin vaxtında mənzil başına çatmasına yardımçı olacaq: "Mikayıl Hüseynov küçəsində yaradılan zolaq cənub istiqamətindən şəhər mərkəzinə daxil olan hərəkət marşrutlarının xüsusən pik saatlarında intervallarındakı gecikmələri aradan qaldıracaq. Bu istiqamətdə şəhərə daxil olan sərnişin avtobusların hərəkətlərində gecikmələr yaranır. Hərəkət zolağı tam istifadəyə veriləndən sonra bu problem aradan qalxacaq. Gecikmələr 20 dəqiqədən 4 dəqiqəyə düşəcək. Sərnişinlər bu küçədə 16 dəqiqə vaxta qənaət edəcək. Bu pandemiya vaxtında olduqca əhəmiyyətli göstəricidir. Bu zolağın istifadəyə verilməsi həmin küçədən sonrakı ərazilərdə sərnişinlərin daha az avtobus gözləməsinə şərait yaradacaq".

M. Ağayev vurğulayıb ki, yaxın günlərdə Qara Qarayev və Atatürk prospektlərində də xüsusi zolaqların yaradılmasına başlanılacaq: "Zolaqlarda qanunun tələbinə uyğun olaraq yalnız marşrtur avtobusları və ekspress xətləri hərəkət edə bilər, digər avtomobillərin hərəkəti qadağandır. Zolaqda həmçinin operativ nəqliyyat vasitələri də hərəkət edə bilər. Bu da xüsusən təcili yardım avtomobillərinin çağırış yerinə vaxtında çatmasına yardım edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR