Deputat müharibə əlillərinin övladlarına ödənişsiz təhsil hüququnun verilməsini təklif edib

Deputat müharibə əlillərinin övladlarına ödənişsiz təhsil hüququnun verilməsini təklif edib
  • Clock-gray 17:21
  • calendar-gray 07 Dekabr 2020

Dekabrın 7-də Milli Məclisin Əmək  və sosial  siyasət  komitəsinin onlayn  formatda iclası  keçirilib.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə  əlaqələr  şöbəsindən APA-ya verilən məlumata görə, onlayn iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Onlayn iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə  edilib.

Qanun layihəsi  müzakirələrdən sonra yekdilliklə Milli Məclisin plenar  iclasında  baxılmaq  üçün  tövsiyə  edilib.

Onlayn  iclasda  gündəmin  aktual  məsələlərindən  olan “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri” ilə bağlı komitədaxili dinləmə keçirilib.

Komitənin üzvü  Soltan Məmmədov mövzu ilə bağlı məlumatları  diqqətə çatdırıb.  

Deputat  onlayn iclas  iştirakçılarının nəzərinə çatdırıb ki, ilin əvvəlində koronavirus  testlərinin aparılması üzrə ölkədə  cəmi 6 laboratoriya  fəaliyyət  göstərirdisə, artıq belə laboratoriyaların   sayı  40-ı keçib. İstifadə  edilən  reaktivlər ən yüksək standartlara  cavab verir.  Soltan Məmmədov virusla  mübarizədə Azərbaycan səhiyyə  sisteminin rolu, stasionar tibbi personalın  hazırlıq  səviyyəsi ilə bağlı  ətraflı danışıb. O, vurğulayıb ki, yoluxma səviyyəsinə uyğun olaraq  koronavirusa  yoluxmuş xəstələr 46  dövlət  xəstəxanasında  müalicə  ala bilirlər.  Tələb olunan avadanlıqlar, çarpayı  sayı, modul  tipli  xəstəxanaların sayı kifayət  qədər  artırılıb.

Komitə  üzvü COVİD-19  pandemiyası  dövründə  aparılan  maarifləndirmə xarakterli  tədbirlərdən də söz  açıb və pandemiyanın ölkənin sosial-iqtisadi  vəziyyətinə  təsirləri  barədə  məlumat verib.  Qeyd  olunub ki, ölkəmizin hazırkı yoluxma statistikası  ürəkaçan olmasa  da, onun minimuma endirilməsi üçün hamı birlikdə mübarizə aparmalıdır. Deputat indiki şəraitdə daha çox məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü deyib  və  hər kəsi qaydalara ciddi riayət etməyə çağırıb. 

Sonra  komitədə  “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair” komitədaxili dinləmə keçirilib.

Məsələ ilə bağlı  məlumat  verən komitə  üzvü Vüqar  Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.  Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq, hər şəhid ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Hər şəhid ailəsinə 300 manat Prezident təqaüdü  verilir. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır.

Deputat bildirib ki, mənzil təminatı da daxil olmaqla belə ailələr  üçün fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Müharibə  əlilləri üçün 12 birbaşa və təşviqedici güzəşt icra  edilir. Birinci, ikinci  və üçüncü qrup müharibə əlillərinə müvafiq  olaraq 8800 manat, 6600 manat, 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir.  Əmək pensiyası almaq hüququ olmayan əlillərə (hərbi xidmət dövründə xəstələnmə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,  hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) - I dərəcə əlilliyi olan şəxslərə 150 manat,  II dərəcə əlilliyi olan şəxslərə 130 manat,  III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub. Belə şəxslərə  müvafiq  qaydada 250 manat, 230 manat və 210 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Onlar  üçün pulsuz tibbi müalicə kursları tətbiq  edilir.

Vüqar  Bayramov bildirib ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Xeyli sayda şahid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Bu da bir sıra hallarda belə ailələrin sosial proqramlara çıxış imkanlarını məhdudlaşdırır. Deputat  bu  məhdudiyyətin  aradan  qaldırılması ilə   bağlı  qanunvericiliyə  yeni  maddənin əlavə  edilməsini  təklif  edib.

Deputat müharibə əlillərinə güzəştli ipoteka krediti almaq hüququnun verilməsi, müharibə əlillərinin övladlarına  da şəhid ailələrində olduğu kimi dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişsiz formada təhsil almaq  hüququnun verilməsi ilə bağlı  təkliflərini  səsləndirib.

Komitə  üzvləri Rauf Əliyev, Ziyad  Səmədzadə,  Səttar Mehbalıyev, Əziz Ələkbərli, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Arzu  Nağıyev, İlham Məmmədov, Aqil Məmmədov müzakirə edilən məsələlərlə bağlı fikirlərini  bildiriblər. 

İclasın sonunda hər iki dinləmənin pandemiya bitdikdən  sonra geniş auditoriyada, aidiyyəti  icra  hakimiyyəti  orqanlarının,  mütəxəssislərin və QHT nümayəndələrinin iştirakı ilə keçirilməsi qərara alınıb.

Firuzə Vahid

Digər xəbərlər