Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçiriləcək

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçiriləcək
# 10 fevral 2021 10:15 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2021-ci il fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, doktoranturaya və dissertanturaya qəbul imtahanı ilə bağlı DİM‑in internet saytında dəfələrlə geniş məlumatlar verilib. Doktoranturaya qəbul olunmaq istəyən namizədlər və fəlsəfə doktoru iddiaçıları üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən imtahanı proqramları, həmçinin xarici dillər üzrə imtahanın strukturu və məzmunu haqqında məlumatlar, həmçinin tövsiyələr və qiymətləndirmə meyarları DİM-in internet saytında yerləşdirilərək namizədlərə və iddiaçılara təqdim edilib.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.

Təəssüflə qeyd olunmalıdır ki, doktoranturaya ötənilki qəbul imtahanında və imtahanın modeli əsasında keçirilmiş sınaq imtahanlarında bir çox namizədlər esseni qoyulan tələblər səviyyəsində yerinə yetirməyib, bəziləri esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri tələb olunan mövzu əvəzinə başqa mövzuda yazıb, bəziləri esseni yazmaqdan imtina edib, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər. Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, zəif tərəflərinə daha çox diqqət yönəltmələrinə, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.

Namizədlərin və iddiaçıların yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında imtahan suallarının cavablandırılmasına və essenin (və ya vizual məlumatın təsvirinin) yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, yazılı tapşırığa isə 1 saat) vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR