Dövlət başçısı: “Pandemiya dövründə 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”

Dövlət başçısı: “Pandemiya dövründə 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”
  • Clock-gray 18:57
  • calendar-gray 21 İyul 2020

“Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb”.

APA-nın məlumatına görə, bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb: “Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar”.

Prezident İlham Əliyev qeyd edib ki, pensiyaların artırılması - bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb: “Bütün bunlar bizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı - insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin”.

apa-logo-mini

Digər xəbərlər