Firəngiz Əlizadə: “Karantin qaydalarına riayət etməyərək nə özlərinin həyatını qoruyurlar, nə də başqalarının...”

Firəngiz Əlizadə: “Karantin qaydalarına riayət etməyərək nə özlərinin həyatını qoruyurlar, nə də başqalarının...”
# 29 oktyabr 2020 12:56 (UTC +04:00)

“Müharibənin getdiyi bu çətin zamanda bizim Şanlı Ordumuz hər gün bizi sevindirir. Necə deyərlər, itkilərə görə bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma başqa tərəfdən də son vaxtlar biz görürük ki, ölkəmizdə pandemiya daha çox yayılıb. Bu, bizi narahat edir”.

Bunu APA-ya açıqlamasında, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, biz təkcə özümüzü fikirləşməməli, bütün xalqımızı, ordumuzu və qələbəmizi düşünməliyik: “Bu gün hər birimizin həyatı daha da qiymətlidir. Bir-birimizi qorumalı, nizam-intizamlı olmalıyıq. Gigiyena qaydalarına əməl etməli, qayda-qanunlara tabe olmalıyıq. Mən hərdən balkona çıxıb baxıram, heç kəs maska geyinmir. Avtobus dayanacağıdır, hamı avtobusa maskasız minir. Çox təəccüblənirəm. Karantin qaydalarına riayət etməyərək nə özlərinin həyatını qoruyurlar, nə də avtobusdakı digər sərnişinləri düşünürlər. Axı özləri də yoluxa bilərlər, başqalarını da yoluxdura bilərlər. Bu nə məsuliyyətsizlikdir! Biz çox narahat oluruq. Televiziya kanallarında, mətbuatda hər gün gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq, davranış qaydalarına riayət etməklə bağlı tövsiyələr edilir, sadə dillə açıqlanır. Amma yenə də insanlar bu qaydalara əməl etməkdən qaçırlar”.

Xalq artisti vətəndaşları diqqətli olmağa çağırıb: “İstəyərdim ki, on milyonluq xalqımızın bir üzvü belə xəstələnməsin. Hamı sağ-salamat bu pandemiyadan çıxsın və qələbəni hamımız birlikdə gözəl-gözəl qarşılayaq. Çox xahiş edirəm, hamı diqqətli olsun. Pandemiya böyük təhlükədir, onu zarafata salmaq olmaz, çox ehtiyatlı olmaz lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR