Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar

Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar
# 02 dekabr 2020 13:34 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, millət vəkilləri Naqif Həmzəyev, Pərin Kərimzadə və Müşfiq Cəfərov yaralı əsgər və hərbiçilərə baş çəkiblər.

APA-nın yerli bürosunun xəbərinə görə, yaralıların müalicə aldıqları xəstəxanaya gələn rəsmilər, onlarla söhbət edib, səhhətləri, habelə istək və arzuları ilə maraqlanıblar.

Söhbət zamanı Niyazi Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdiriblər: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan geri qaytarıldı. Bu zəfər, Azərbaycan əsgəri və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılıb. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkədir”.

Hərbçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiklərini bildirib, bundan sonra da Ali Baş Komandanın yanında olacaqlarını dilə gətiriblər.

Rəsmilər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgər və hərbçiləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıblar.

44 günlük Vətən müharibəsi dövrü və sonrasında yaralı hərbçilərin sağlamlığının bərpası üçün gecə-gündüz dayanmadan çalışan tibbi personala da təşəkkür ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR