Nazir müavini: “Su ehtiyatlarının idarə olunması hər bir ölkə üçün vacib məsələdir”

Nazir müavini: “Su ehtiyatlarının idarə olunması hər bir ölkə üçün vacib məsələdir”
  • Clock-gray 14:41
  • calendar-gray 10 Dekabr 2019

“Su ehtiyatlarının idarə olunması hər bir ölkə üçün vacib məsələdir”. 

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan regionda azsulu ölkələr sırasındadır: “Bizim su ehtiyatlarımızın 70 faizi transsərhəd çaylar vasitəsilə digər ölkələrdən keçərək Azərbaycana daxil olur. Çox təəssüf ki, bu transsərhəd çaylar digər ölkələrdə ciddi çirklənməyə məruz qalır. Ona görə də su ehtiyatlarının çirklənmə dərəcəsinə, keyfiyyətinə nəzarət edilməsi bizim ölkəmiz üçün vacib məsələdir. Dövlətimiz su ehtiyatlarının analizi və keyfiyyətinə nəzarət məsələsinə çox ciddi diqqət yetirir".

N.Quliyev qeyd edib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində laboratoriyalar mövcuddur və onların müasir tələblərə cavab verən yeni texnologiyalarla təchiz edilməsi günümüzün ən aktual məsələlərindən biridir: "Azərbaycanda milli su siyasəti və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyi konsepsiyasının tərkib hissəsi olaraq ən müasir cihaz və avadanlıqlarla təhciz edilən yenilənmiş laboratoriyada ən müasir su analizlərini aparmaq, Azərbaycanda su hövzələrinin və digər su ehtiyatlarının çirklənmə səviyyəsini, o cümlədən, istifadəyə yararlılıq həddini daha dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olacaq".

Nazir müavini əlavə edib ki, laboratoriyanın yenidən qurulmasında və potensialının genişləndirilməsində məqsəd Xəzərə axıdılan transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, sahil və keçid sularının monitorinqinin keyfiyyət səviyyəsinin yüksəlməsini təmin etməkdir.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date