ƏƏSMN tərəfindən övladlığa götürülən uşaqların monitorinqi aparılacaq

ƏƏSMN tərəfindən övladlığa götürülən uşaqların monitorinqi aparılacaq
# 27 fevral 2020 17:47 (UTC +04:00)

Prezident İlham Əliyevin 27 fevral 2020-ci il Fərmanı ilə təsdiq olunan “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda övladlığagötürmədən sonra monitorinqlərin keçirilməsi ila bağlı bənd yer alıb.

APA xəbər verir ki, qeyd olunub ki, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə övladlığa götürülən uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi monitorinqlər aparır.

Monitorinq zamanı ailənin yaşayış şəraiti, ailənin maddi vəziyyəti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərtə alınır.

Hər monitorinqdən sonra sosial işçi hazırladığı hesabatı altsistemə daxil edir. Övladlığagötürmədən sonra aparılan monitorinqlə bağlı altsistemdə – övladlığa götürülən uşaqların uçotu bölməsində aparılan monitorinqlərin nəticələri barədə qeydlər aparılır.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi zamanı həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları halda övladlığagötürmədən sonra aparılan monitorinqin nəticələrinə dair rüblük və illik hesabatlar Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyi, səfirlik olmadıqda isə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" 29 may 1993-cü il tarixli Haaqa Konvensiyasının 9-cu maddəsinin (a) bəndinə uyğun olaraq, həmin ölkənin müvafiq dövlət qurumu vasitəsilə Nazirliyə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR