Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda tədbirlərin müddəti uzadılacaq

Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda tədbirlərin müddəti uzadılacaq
# 19 noyabr 2020 14:13 (UTC +04:00)

Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib.

Məlumatda qeyd edilib ki, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılacaq.

Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejimi dövründə noyabrın 23-dək Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılmışdı:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

- yük daşımaları və logistika xidmətləri;

- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

- kütləvi informasiya vasitələrinin fəaliyyəti;

- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

- mühafizə xidmətləri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR