Sumqayıtda karantin rejiminə əməl olunması ilə bağlı tədbirlər keçirilir

Sumqayıtda karantin rejiminə əməl olunması ilə bağlı tədbirlər keçirilir
  • Clock-gray 18:23
  • calendar-gray 27 Mart 2020

Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Sumqayıtda genişmiqyaslı tədbirlər həyata keçirib. 

APA-nın yerli bürosunun məlumatına görə, bu məqsədlə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində koronavirusa qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktik söhbətlər aparılıb. İzah olunub ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda, digər yaş qruplarından olan insanlara da evdən çıxmamaq və sağlamlıqlarının qeydinə qalmaqları tövsiyə olunub.

Polis əməkdaşları şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə də səslənib. Onlar karantin rejiminə əməl olunmasını, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamasını xahiş ediblər.

Polis karantin rejimini pozan kafe sahiblərini də müəyyən edib və onlara qarşı inzibati cəza tədbirləri görülüb. 

Bununla yanaşı, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin  əməkdaşları reyd təşkil edib. Keçirilmiş reydin məqsədi rayon qeydiyyatlı nəqliyyat vasitələrinin sürücülərinə şəhərə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmək olub. 

Qeyd edək ki, xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.

 

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date