Xırdalandakı partlayışda zərər çəkmiş 41 ailə kirayə evlərdə yerləşdirilib

Xırdalandakı partlayışda zərər çəkmiş 41 ailə kirayə evlərdə yerləşdirilib
# 28 yanvar 2021 17:41 (UTC +04:00)

Abşeron Rayon İcra Hakimiyyətində yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1B saylı binanın sakinləri ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Seymur Qasımov APA-ya bildirib ki, görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

İ. Gülməmmədova qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ. Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılır. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ. Gülməmmədovanın sözlərinə görə, araşdırma nəticəsində müvafiq qərar veriləcək.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır.

Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib.

Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 25-də Xırdalan şəhəri, 27-ci məhəllədə fərdi yaşayış evində partlayış baş verib.

İlkin ehtimala görə, qaz sızmasından baş verən partlayış nəticəsində ev dağılıb, zərbənin təsirindən yaxınlıqdakı binalar ziyan görüb.

Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən 6 nəfər uçmuş evin dağıntıları altından çıxarılıb.

Bundan başqa, dağıntılar altından iki nəfərin meyiti də çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR