Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 1 metrədək düşüb

Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 1 metrədək düşüb
# 22 aprel 2020 19:14 (UTC +04:00)

Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 1 metrə qədər aşağı düşüb.

Bu barədə APA-nın Mingəçevir bürosuna Yuxarı Qarabağ kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. Onun sözlərinə görə, mənbəyini Mingəçevir Su Anbarından alan kanalda müşahidə olunan enmə anbarındakı su həddinin ötən illə müqayisədə təxminən 2 metr yarım aşağı düşməsi ilə bağlıdır. Bu hal isə Mingəçevir, Yevlax, Goranboy, Ağcabədi, Beyləqan, İmişli və digər rayonların ərazilərinə düşən 130 min hektarlıq əkin sahəsini tam arzuolunan səviyyədə suvarma suyu ilə təmin etməyə imkan vermir. Belə ki, əvvəllər tunel vasitəsilə anbardan kanala saniyədə 80 min kubmetr su ötürülürdüsə, bu gün həmin rəqəm 57 min kubmetr su həddinə düşüb. Bu səbəbdən də vaxtilə Araz çayında suyun azlığını kompensasiya etmək üçün kanaldan çaya axıdılan suyun həcmi də iki dəfə aşağı düşüb.

Şakir İmanov bildirib ki, kanalda suyun azalması bəzi ərazilərin təminatı üçün suyun süni qaldırması prosesini zəruri edir: Hidrotexniki və digər nasos qurğuları endirilərək əlavə əmək sərf olunur.

Kanalın əməkdaşları bu durumda su itkisinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Xüsusilə də kanalın təmizlənməsi və sızmaların önlənməsi məqsədilə maksimum səy göstərilir. Onların fikrincə, qarşıdakı aylar ənənəvi olaraq suyun artması ilə xarakterik olacaq və bununla da su anbarında, buna müvafiq kanalda suyun səviyyəsi normal həddə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR