UNEC-də sosial media marketinqi və digər sahələr üzrə yeni ixtisaslaşmalar yaradılıb

UNEC-də sosial media marketinqi və digər sahələr üzrə yeni ixtisaslaşmalar yaradılıb
# 07 oktyabr 2019 14:27 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində ilk dəfə Biznes analitikası, Risklərin idarə edilməsi və Sosial media marketinqi ixtisaslaşmaları yaradılıb.

Bu barədə APA-ya UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu ixtisaslaşmalar üzrə kadr hazırlığı 2019-2020-ci tədris ilindən etibarən aparılmağa başlayıb: “Biznes analitikası və Risklərin idarə edilməsi magistratura ixtisaslaşmalarında tədris azərbaycan və ingilis dillərində, Sosial media marketinqi üzrə isə Azərbaycan dilində aparılır. Builki tədris ili üçün Biznes analitikası və Risklərin idarə edilməsi ixtisaslaşmaları üzrə müvafiq olaraq 10 nəfər azərbaycan və 10 nəfər ingilis bölmələrinə, Sosial Media Marketinqi üzrə isə 10 nəfər Azərbaycan bölməsinə qəbul olunub. Bura qəbul olan tələbələr Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanından yüksək bal toplayan tələbələrdir. Biznes analitikası ixtisaslaşmasında Azərbaycan bölməsində maksimal bal 104, minimal bal 91, ingilis bölməsi üzrə maksimal bal 127, minimal bal 91, Risklərin idarə edilməsi ixtisaslaşmasında isə bu göstəricilər Azərbaycan bölməsi üzrə 118 və 94, ingilis bölməsidə 122 və 92 bal təşkil edib. Sosial media marketinqi ixtisaslaşmasına qəbul olan tələbələrin isə minimum balı 82, maksimum balı 89 olub”.

N.Hacıyev bildirib ki, bu ixtisaslaşmalar üzrə təhsil ödənişlidir: “Biznes analitikası və Risklərin idarə edilməsi, Sosial media marketinqində illik təhsil haqqı 3000 manatdır. Bu ixtisaslaşmalar üzrə dərs deyən müəllimlər isə digər ölkələrdə təhsil alan azərbaycanlı mütəxəssislərdir. İxtisaslaşmalar üzrə dərslər Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir. Hazırda bu ixtisaslaşmalar üzrə təhsil alan tələbələr təhsillərini bitirdikdən sonra Azərbaycanda bu sahə üzrə ilk ixtisaslı mütəxəssislər olacaqlar. Növbəti tədris ilindən isə bu ixtisaslaşmalar üzrə qəbil planının artırılması nəzərdə tutulub”.

Qeyd edək ki, Biznes analitikası və Risklərin idarə edilməsi, Sosial media marketinqi ixtisaslaşmaları üzrə qəbul planı 100 faiz yerinə yetirilib. UNEC Biznes Məktəbinin MBA Proqramına 2019/2020-ci tədris ilində qəbul planı 99.3 faiz dolub. Azərbaycan bölməsi üzrə qəbul planı 100 faiz, ingilis bölməsi üzrə 98.5 faiz və rus bölməsi üzrə 97.9 faiz yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR