Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda konfrans keçirilib

Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda konfrans keçirilib
  • Clock-gray 12:50
  • calendar-gray 23 Oktyabr 2019

"Din orta əsrlərdə bütün sahələrə təsir göstərsə də, bu gün dünyada bu dərəcədə nüfuza malik deyil. Yəni, din dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, XXI əsrdə din-cəmiyyət münasibətinə, fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə bu əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır:

"Bu əsrin çağırışları və təhdidləri əvvəlki əsrin çağırışlar və təhdidlərindən fərqlənir. XXI əsrdə informasiya texnologiyalarının inkişafı müəyyən təhdidlər ortaya qoyur. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə gəlib çatır. Dünyada baş verən insan artımı müəyyən problemləri ortaya çıxarır. Bu amil  təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır ".

Mübariz Qurbanlı bildirib ki, ailə münasibətlərində də ciddi dəyişikliklər baş verib:

"Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da müəyyən problemlər yaradır. Hazırkı dünyada bütün bu problemlər insanların inanclarına öz təsirini göstərir".

Onun dediyinə görə, xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində dəyişikliklər baş verib:

"Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi getməsi müşahidə edilirdisə, indi bu, özünü göstərmir. Hətta Skandinaviya ölkələrində xristian icmaları kilsələri başqa yerlərə icarəyə verirlər".

Komitə sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə özünü göstərir:

"Azərbaycan Konstitusiyasında vicdan azadlığı təmin edilib. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır ki, dünyəviliyin özü də dövlətin idarəetməsinə təsir göstərir. Azərbaycan Konstitusiyasında dinlər arasında fərq qoyulmur".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, İslamafobiya hazırda ən çox işlənən sözlərdən biridir:

"Bu sözün süni şəkildə ortaya gətirilməsi belə bir şeyin mövcudluğunu şüuraltı yaddaşımıza ötürür".

O bildirib ki, Avropa siyasətinin bugünkü simasını din təyin edir:

"Çünki Avropada hakim partiyaların böyük əksəriyyətini mühafizəkarlar, xristian demokratlar və s. təşkil edir. XXI əsrdə din yenə də mühüm rol oynayan komponentlərdən biridir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət yeni bir model təqdim etməyi bacarıb. Ölkəmizdə tolerantlıq və multikulturalizm mövcuddur. Azərbaycanda din dövlətdən ayrıdır, amma dövlət dindən ayrı deyil. Çünki dövləti təşkil edən, idarə edən hər bir azərbaycanlı din daşıyıcısıdır və davranışlarında, aldığı siyasi qərarlarda mütləq milli, sosial kimliyi ilə bərabər, həm də dini kimliyinə istinad edir. Bu komponentlər Azərbaycanda din, cəmiyyət və dövlət üçbucağında ideal bir model yaradıb".

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov İslamın əsas prinsipləri barədə məlumat verərək bildirib ki, İslamda məcburiyyət yoxdur:

"Bir cəmiyyət özünü demokratik, hüquqi cəmiyyət elan edirsə, orada məcburiyyətə yol verilməməlidir. Eyni zamanda, İslamda digər səmavi dinlərə çox böyük hörmətlə yanaşılır".

Onun sözlərinə görə, dövlətin dünyəvi və dinin dövlətdən ayrı olması bəndi yalnız 5 ölkənin Konstitusiyasında mövcuddur. O ölkələrdən biri də Azərbaycandır.

Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə bildirib ki, din inanclarla bağlı olan məsələdir:

"İnanc elə bir şeydir ki, fərdin özünə aiddir və kütləvi ola bilməz. Din siyasiləşdiriləndə, vasitəyə çevriləndə burada hüquq ortaya çıxmalıdır. Çünki din cəmiyyətə, dövlətə, ictimai münasibətlərə təsir göstərir. Bu münasibətlər qarşılıqlıdır, dövlət və cəmiyyət də dinə təsir göstərir. İctimai münasibətlər, cəmiyyətlər inkişaf etdikcə dini baxış da inkişaf edir. Azərbaycanda bütün dinlərdən olan nümayəndələr eyni masa arxasında oturur. Buna görə də Prezident İlham Əliyev mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq təşəbbüslərini irəli sürür. Bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən kifayət qədər müsbət qarşılanır".

Qeyd edək ki, konfrans dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, dinin cəmiyyət həyatında, mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələrlə davam edib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date