“İstedArt” layihəsinin yeni mövsümünə start verilib

“İstedArt” layihəsinin yeni mövsümünə start verilib
# 17 oktyabr 2019 16:02 (UTC +04:00)

Oktyabrın 17-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) “İstedArt” layihəsinin yeni mövsümünə start verilib.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutub.

“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək “İstedArt” layihəsinin 2018-ci ildən həyata keçirildiyini bildirib: "Məqsədimiz istedadlı uşaqlara dəstək olmaqdır. İnanıram ki, bu uşaqların içərisindən gələcəyin Tahir Salahovu, Toğrul Nərimanbəyovu yetişəcək".

Ə.Ələkbərov layihədə Bakı şəhərinin 6 internat məktəbində təhsil alan və Daun Sindromlu Şəxslərin Reablitasiya Mərkəzində müalicə alan 23 istedadlı uşağın iştirak etdiyini bildirib. Dediyinə görə, uşaqlar Qoruq İdarəsinin hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar.

Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək layihədə əməkdaşlıq etməkdən şad olduğunu bildirib. O, uşaqlara yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanılması ilə yanaşı əqli zəifliyi olan uşaqları incəsənət növləri ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardımdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR