Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib

Qubada azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilib
# 31 mart 2018 09:02 (UTC +04:00)

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımının 100-cü ildönümü ilə bağlı Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yürüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, din xadimləri, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakıdan və digər bölgələrdən gələn müxtəlif təşkilatları təmsil edən şəxslər iştirak edib.

Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir!”, “Terrorizmə yox!” şüarları səsləndirilib.

Bu gün Quba Soyqırımı Memorial Kompleksində “Soyqrımların dərsləri” mövzusunda respublika elmi konfransın keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, vaxtilə ermənilər tərəfindən vəhşicəsinə, qeyri-insani şəkildə öldürülənlərin toplu məzarlığında yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb.


Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR