Əbülfəs Qarayev: Azərbaycanda 40-a yaxın hotelin fəaliyyəti dayandırılıb

Əbülfəs Qarayev: Azərbaycanda 40-a yaxın hotelin fəaliyyəti dayandırılıb
# 29 sentyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu il ərzində Azərbaycan 12 beynəlxalq turizm sərgisində iştirak edib. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü və turizm mövsümünün bitməsi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir dünyada turizm sahəsində böhran olduğunu, amma bunun Azərbaycanın turizm sahəsinə, eləcə də gələn turistlərin sayına ciddi təsir etmədiyini xüsusi vurğulayıb: “Bu il ərzində biz bir heç beynəlxalq sərgi və tədbiri ixtisara salmamışıq. Bu da bu böhranın Azərbaycana təsir etmədiyindən xəbər verir. Bu həftə isə bizim nümayəndə heyətimiz, eləcə də mən Qazaxıstana yola düşəcəyik. Səfərimizin məqsədi Astanada keçiriləcək Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının iclasında iştirak etməkdir. Həmin iclasda təşkilatın baş katibi seçiləcək. Bu dəfə təşkilatın baş katib vəzifəsinə bir namizəd irəli sürülməsinə qərar verilib. Bu namizəd isə İordaniya Krallığının keçmiş turizm naziri Talib Rəfaidir. Biz də öz səsimizi bu namizədə verəcəyik”.

Ə.Qarayev builki turizm mövsümünün nəticələrinin pis olmadığını qeyd edib: “Azərbaycana 2008-ci ildə 1 milyon 898 min 939 nəfər gəlib ki, onlardan 1 milyon 408 min 988 nəfəri turist kateqoriyasına aid oluna bilər. Bu, 2007-ci illə müqayisədə 398 min 196 nəfər və ya 39,4% çoxdur. 2009-cu ilin yarımilində isə Azərbaycana 783 min 208 nəfər turist gəlib. Bu da keçən ilin ilk altı ayı ilə müqayisədə 309 nəfər, yəni 0,3% çoxdur. Biz gözləyirik ki, Azərbaycanda ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər sayəsində 3,5% artım olsun”.

Nazir qeyd edib ki, tezliklə “CNN” və “Euronews” telekanallarında Azərbaycanın turizm potensialı ilə bağlı iki yeni reklam çarxının nümayişinə başlanacaq. O, reklam çarxlarının hazırlığına başlandığını və oktyabrın sonu-noyabrın əvvəllərində həmin reklamların yayımına start veriləcəyini vurğulayıb. Ə.Qarayev deyib ki, bu il Azərbaycan Turizm İnstitutunun ilk buraxılışı olacaq və 300 tələbə bu institutun diplomunu alacaq: “Onlardan 25-nə iki diplom veriləcək. Biz turizm bazarına dövlət tərəfindən hazırlanmış peşəkar kadrların daxil olmasına ümidlə baxırıq. Artıq həmin tələbələrdən 200-ə yaxını iş yeri ilə təmin olunma mərhələsindədir. Hazırda 16 tələbəmiz Portuqaliya, Fransa, İsveçrə institutlarında yarımillik təhsil alır. Turizm sahəsində bizi narahat edən məsələlərin həllində yeni kadrların hazırlanması böyük rol oynayacaq”.

Azərbaycanda turizm infrastrukturunun genişləndiyini diqqətə çatdıran mədəniyyət və turizm naziri bildirib ki, 2003-cü ildə respublika üzrə turizm obyektlərinin sayı cəmi 2 olduğu halda, 2009-cu ilin əvvəlindən bu günə kimi 20-yə yaxın mehmanxana istifadəyə verilib, 60-a yaxın mehmanxana və mehmanxana tipli obyektlər isə tikilməkdədir: “Azərbaycanda bu gün 28 286 yerlik 370 mehmanxana var, onların 79-u (8 mindən çox yer) Bakının payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycanda hotel tikintisi sərmayəçilər və iş adamları tərəfindən böyük maraqla izlənilir. Bizə rəsmi olaraq bildirilib ki, təkcə mehmanxanalarının fəaliyyətindən Azərbaycanın əldə etdiyi gəlir 190 milyon ABŞ dolları təşkil edir. Amma turizm statistikasına çox şey daxildir və gəlir tək mehmanxanaların fəaliyyəti ilə bitmir. Azərbaycanda xarici vətəndaşın bir həftə qalması 750-800 dollara bərabərdir. Beləliklə, ümumi olaraq turizm sahəsindən 4 milyard 640 milyon manat gəlir əldə olunur”.

Mehmanxanaların qanunsuz fəaliyyətinə də toxunan Ə.Qarayev qeyd edib ki, bununla bağlı açıq siyahı nəşr edilib: “Quba, Nabran, Xaçmaz, cənub bölgəsində və daha bir neçə regionda təxminən 40-a yaxın hotel lisenziyasız fəaliyyət göstərdiyi üçün fəaliyyəti dayandırılıb. Onların təqribən 10-u dərhal vəziyyətin ciddiliyini dərk edib lisenziya almaq üçün nazirliyə müraciət edib. Eyni zamanda elə hotellər var ki, biz onlara lisenziya vermək fikrində deyilik. Çünki sanitariya qaydalarına riayət olunmur, insanların yaşayışı və istirahəti üçün şərait uyğun deyil, orada gecələmək belə qeyri-mümkündür. Ona görə də hər bir sərmayəçi, sahibkar hotelinin daxilində standartlara uyğun şərait yaratmalı və yalnız bundan sonra lisenziya üçün bizə müraciət etməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR