Azərbaycanın şimalında yaradılacaq Şahdağ Qış-Yay Turizm Kompleksi ilə bağlı əsaslı tikinti işlərinə yazda başlanacaq

Azərbaycanın şimalında yaradılacaq Şahdağ Qış-Yay Turizm Kompleksi ilə bağlı əsaslı tikinti işlərinə yazda başlanacaq
# 20 fevral 2010 11:58 (UTC +04:00)
Qusar. Könül Abdullayeva – APA. Azərbaycanın Qusar rayonunda Qafqazda analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi ilə bağlı ərazidə infrastrukturun yaradılması işləri aparılır. APA-nın Şimal bürosunun məlumatına görə, Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması üçün Azərbaycan mütəxəssisləri ilə yanaşı Avstriya, Fransa, Rusiya və Türkiyədən dəvət olunan mühəndislərin iştirakı ilə Qusar şəhərindən 38 km aralıda Aladağ və Ləzə kəndləri yaxınlığında 2000 hektar ərazi seçilib. Torpaq süxurlarının laborator müayinəsi aparılıb və müvafiq inşaat layihəsi tərtib olunub. Artıq əsaslı inşaat işlərinə hazırlıq məqsədilə müvafiq tədbirlər görülür - əraziyə yol, qaz, elektrik xətləri çəkilir.

Qusar rayon İcra Hakimiyyətindən APA-nın Şimal bürosuna verilən məlumata görə, hazırda əsasən qaz xəttinin çəkilişi aparılır. Həmçinin rayonun 7 ucqar yaşayış məntəqəsinə də həmin xətt vasitəsilə ilk dəfə olaraq mavi yanacağın verilməsi nəzərdə tutulub.

Kompleksdə 30 km-lik xizək yolu, 9 km-lik kanat, həmçinin açıq və qapalı idman qurğuları yaradılacaq. Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilovun bildirdiyinə görə, kompleksdə eyni vaxtda 5000 turistin yerləşməsi, eləcə də beynəlxalq idman yarışlarının təşkili üçün müvafiq şərait yaradılacaq. Bu ilin yaz aylarında başlanacaq əsas inşaat işlərini bir neçə xarici tikinti şirkəti həyat keçirəcək.

Qusar rayon İcra Hakimiyyətindən bildirilib ki, tikinti ilə əlaqədar əhaliyə məxsus pay torpaqlarına görə kompensasiya və ya yeni torpaq sahəsinin ayrılması təmin ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR