Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının təqdimatı keçirilib

Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının təqdimatı keçirilib
# 13 aprel 2010 11:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu gün Bakıda turizm sahəsində çalışan şirkətlər üçün “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatını keçirib.

APA-Economics”in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, yeni proqramda daha çox dövlət tərəfindən qanunvericilik nöqteyi-nəzərindən tənzimlənən sənədlərin hazırlanmasına, qanunlarda müvafiq dəyişikliklərin həyata keçirilməsinə, yeni xüsusi zonaların və onların əsasnamələrinin və nizamnamələrinin yaradılmasına, beynəlxalq səviyyədə Azərbaycanın turizm sənayesinə investisiyaların cəlb edilməsinə və ölkənin turizm potensialının geniş təbliğinə xüsusi önəm verilib.

Nazir həmçinin bildirib ki, proqramda eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin, mədəniyyətinin imkanlarının turizm əsərləri üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadrların hazırlanmasına dair xüsusi tapşırıqlar verilib: “Hesab edirəm ki, bu proqram 4 il ərzində mütləq icra olunmalı, turizm sənayesini növbəti mərhələyə və daha yüksək səviyyəyə çıxarmalıdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə turizmi rəqabətə davamlı olan bir ölkə kimi tanınır və dünyada turizm sahəsində müşahidə olunan ciddi böhran vəziyyətində ölkəyə turizm axınının 2 dəfə artmasına nail olunub. Bu isə düzgün aparılan sosial siyasətin və turizm sənayesinin bu sahədə tutduğu mövqenin bəhrəsidir”.

Tədbirdə həmçinin nazirliyin şöbələrinin, Azərbaycan Turizm İnstitutunun və digər müvafiq strukturların rəhbərləri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR