Bakıda GUAM ölkələrinin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib

Bakıda GUAM ölkələrinin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib
# 25 iyun 2010 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda GUAM katibliyi, Azərbaycan, Gürcüstan və Moldovanın rəsmi turizm qurumlarının nümayəndələri, Ukrayna və Yaponiyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak ediblər.

İclası açıq elan edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bugünkü toplantı GUAM ölkələri tərəfindən hazırlanmış yeni layihəyə həsr olunub: “Layihə məhz Yaponiya turistlərinin mütəşəkkil şəkildə GUAM ölkələrinə gətirilməsi və onlar üçün lazımi xidmətlərin səviyyəsini təmin etməklə yanaşı, hər bir ölkənin mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə tanış etməkdən ibarətdir. Yaponiya turizmi dünyanın ən cəlbedici turizm bazarlarından biri hesab olunur. Məqsədimiz odur ki, Yaponiya ilə turizm sahəsində xüsusi proqramlar təşkil olunsun. Proqram çərçivəsində turist təşkilatlarını müəyyənləşdirməyə və onlar haqqında qərar qəbul etməyə çalışacağıq”.

Nazir deyib ki, bu gün Yaponiyanın bir neçə turist şirkəti öz təqdimatını edəcək. Nəticə olaraq hansı istiqamətlərdə layihələr həyata keçirilməsi qərara alınacaq. Yaponiyadan sonra Koreya, Sinqapur və digər ölkələrin bu bazara daxil olması üçün imkanlar əldə olunacaq.

İclas zamanı Yaponiya ilə birgə GUAM vahid turizm məhsulunun yaradılması, GUAM turizm portalının yaradılması, turizm sahəsində əməkdaşlığın inkişafına dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM bələdçi kitabçasının yaradılması, GUAM-ın turizm üzrə növbəti iclasının yerinin və vaxtının təyin edilməsi və digər məsələlər müzakirə edilib.

İclasın sonunda Bakı bəyannaməsi, iclasın protokolu və GUAM-Yaponiya birgə turizm məhsulunun inkişaf etdirilməsi üzrə fəaliyyət planı qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR