Fərid Şəfiyev: "Ermənistan anlayır ki, yeganə yol Azərbaycanla münasibətin normallaşmasıdır"

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 28 dekabr 2021 12:05 (UTC +04:00)

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşü dönüş oldu.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev 2021-ci ildə Mərkəzin fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qarşıdakı ildə BMTM-nin əsas prioritetlərindən biri postmünaqişə ilə bağlı tezislərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

F. Şəfiyev deyib ki, Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ölkənin daha fərqli status almasına imkan verir.

BMTM-nin sədri qeyd edib ki, bu mövzuda da Şuşada beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur, burada beynəlxalq ekspertlərin iştirakı da gözlənilir.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan F. Şəfiyev deyib ki, 2021-ci ildə əlaqələrin normallaşmasına doğru addımların atılması istiqamətində müsbət dinamika müşahidə olunur: “Liderlərin Soçi və Brüssel görüşləri xüsusi qeyd olunmalıdır. Bu günlərdə də Ermənistan hökumətindən müsbət mesajlar qeydə alınır. Ermənistan rəhbərliyi anlayır ki, ölkənin perspektivləri məhduddur, yeganə yol isə qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətin normallaşmasıdır”.

Onun sözlərinə görə, Nikol Paşinyanın seçkidə qalib gəlməsi o demək deyil ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülhə tam hazırdır, lakin onlar anlayırlar ki, prosesin belə davam etməsi onlar üçün də yaxşı deyil: “Brüssel görüşündə sənəd formasında olmasa da müsbət nəticələr oldu, dönüş oldu”.

F. Şəfiyev, bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində müsbət nəticələrin əldə edilə biləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR