XİN-də Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib - YENİLƏNİB

XİN-də Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib - YENİLƏNİB
# 17 noyabr 2022 17:42 (UTC +04:00)

Noyabrın 17-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə APA-ya XİN-dən bildirilib.

Qeyd olunub ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Daha sonra, iki ölkənin xarici işlər nazirlərinin diplomatik əlaqələrin 30 illiyi münasibətilə qarşılıqlı şəkildə ünvanladıqları məktubların mübadiləsi həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. Xələf Xələfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana səfərinin ölkələrimiz arasında ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına xüsusi təkan verdiyini məmnunluqla qeyd edib. Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Daha sonra çıxış edən Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibətilə təbrik edib. Səfir, Azərbaycan və Gürcüstan arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanmasına istinad edib, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

***

11:39

Xarici İşlər Nazirliyində Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

APA xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR