Ceyhun Bayramov: “Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”

Ceyhun Bayramov: “Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”
# 23 fevral 2021 22:27 (UTC +04:00)

“Bu gün biz həm ikitərəfli formatda geniş müzakirələr apardıq, həm də üçtərəfli formatda maraqlı müzakirələrimiz oldu”.

APA-nın yerli bürosunun xəbərinə görə, Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir: “Liderlərimizin bilavasitə iştirakı ilə bu münasibətlər günü-gündən artır. Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün Türkiyə cəmiyyətinin 44 günlük savaşda Azərbaycanın yanında olduğuna şahidik. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.

C.Bayramov deyib ki, Ankarada olan ikitərəfli görüş çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb: “Pandemiya ilə əlaqədar 2020-ci ildə qardaş Türkiyə ilə əlaqələrimizdə bir sıra məhdudiyyətlər olsa da, fevralın 19-da iki ölkə arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komitəsinin iclasında 53 bənddən ibarət protokolun imzalanması çox qısa müddətdə əlaqələrimizin inkişafını daha da sürətləndirəcək”.

Nazir deyib ki, Azərbaycanla Türkiyə arasında ötən il şəxsiyyət vəsiqələrinin sərhədkeçmə sənədi olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sazişin iki dövlət arasında bütün prosedurları başa çatıb: “Yaxın zamanda bu sazişin qüvvəyə minməsi tarixi elan ediləcək”.

Üçtərəfli formatda keçirilən görüşün əhəmiyyətini vurğulayan Ceyhun Bayramov bildirib ki, ilk növbədə beynəlxalq hüquqa əsaslanaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, enerji təhlükəsizliyi sahəsində üç ölkə arasında çox mühüm müzakirələr aparılıb, sənaye, nəqliyyat, elm, təhsil, kənd təsərrüfatı ilə bağlı geniş fikir mübadiləsi olub: “Yeni təkliflər, fikirlər də səsləndirildi, ümid edirəm ki, növbəti görüş mərhələsində bu fikirləri reallaşdırmaq mümkün olacaq. 44 günlük vətən müharibəsi nəticəsində regionda yaranmış yeni təhlükəsizlik formatı, yeni əməkdaşlıq imkanları barədə də xeyli fikir mübadiləsi apardıq. Enerji sahəsində 21 yanvar 2021-ci il tarixdə Azərbaycan və Türkmənistan arasında qəbul edilən “Dosltluq” Memorandumu iki ölkə arasında iqtisadi potensialının artmasına, əməkdaşlıqlarımızın genişlənməsinə müsbət təsir edən layihə olmaqla yanaşı, həm Türkiyə, həm də bir sıra Avropa ölkələrinin uzun müddət enerji təhlükəsizliyinə də töhfə verəcək. Ölkələrimiz arasında aparılan siyasi dialoq olduqca əhəmiyyətlidir və gəldiyimiz nəticə ondan ibarətdir ki, üçtərəfli görüşlər davam etdirilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR