Deputat: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi tarixi hadisə idi”

Deputat: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi tarixi hadisə idi”
# 05 dekabr 2020 13:57 (UTC +04:00)

“Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olub. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsini təklif edib, Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləyib. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləyib. 3-4 dekabr tarixlərində isə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, BMT-nin yaranmasından ötən 75 il ərzində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi nadir haldır: “Bu il dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etdi. Çünki keçən ilin sonları, bu ilin əvvəlindən yayılmağa başlayan bu virus qarşısında dünyanın inkişaf etmiş ölkələri belə aciz qalmışdı. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında pandemiya ilə mübarizə istiqamətində ilk günlərdən başlayaraq Azərbaycanda önləyici addımlar atıldı, kompleks tədbirlər görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu çərçivədə ölkəyə lazımi tibbi avadanlıq və dərman vasitələrinin gətirilməsi təmin edildi, tibb müəssisələrinin maddi-texniki təminatı gücləndirildi, dövlət başçısı tərəfindən modul tipli xəstəxanaların quraşdırılması ilə bağlı sərəncam imzalandı, profilaktika və müalicə ilə bağlı işlər mərhələli və kompleks şəkildə həyata keçirilməyə başlandı. Eyni zamanda, ölkə miqyasında karantin tədbirləri həyata keçirilməyə başlandı, ölkəyə giriş-çıxış məhdudlaşdırıldı”.

M. İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev bu qlobal təhlükənin qarşısının alınmasında qlobal əməkdaşlığı vacib sayıb, məhz dövlət başçısının təşəbbüsü ilə sədri olduğu Türk Şurası, daha sonra isə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşləri keçirilib: “Bu görüşlərdə Prezident İlham Əliyev pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyini vurğuladı. Azərbaycanın ortaya qoyduğu nümunə də dünyada rəğbətlə qarşılanıb, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində onlarla dövlət dəstək verdi, Ümumdünya Səhiyyə Təşkilatına vəsait ayırdı. Azərbaycana dəstək üçün müraciət edən dövlətlərin çağırışı cavabsız qalmadı, yardımını əsirgəmədi. Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər də BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilib. Bu baxımdan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşündə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün də 120 üzv dövlət tərəfindən dəstəklənməsi də təsadüfi deyildi”.

M. İbrahimqızı nəzərə çatdırıb ki, BMT Baş katibi də bu təşəbbüsü yüksək qiymətləndirib: “Amma çox təəssüf ki, BMT-yə üzv dövlətlər sırasında yalnız işğalçı Ermənistan bəşəriyyət üçün təhlükəli pandemiyaya qarşı qlobal əməkdaşlıqla bağlı bu təşəbbüsün əleyhinə çıxmışdı. Bu, tək Prezident İlham Əliyevin, Azərbaycanın təşəbbüsünün deyil, bəşəriyyət üçün qlobal təhlükəyə qarşı əməkdaşlığın əleyhinə çıxmaq idi. Bu, Ermənistanın işğalçı və terrorçu xislətindən qaynaqlanırdı. Təbii ki, Ermənistanın bu səyləri nəticə vermədi, Azərbaycan Prezidentinin təşəbbüsü yüksək qiymətləndirildi və bu təşəbbüsün həyata keçirilməsi üçün mexanizm də müəyyənləşdi, 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi qərara alındı”.

Millət vəkili BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının açılışında Prezident İlham Əliyevin çıxış etməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Açılış sessiyasında adətən, ən yüksək statusa malik şəxslər çıxış edir. BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının açılışında 5 çıxış nəzərdə tutulmuşu. Xüsusi Sessiyada BMT Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, BMT Təşlükəsizlik Şurasının sədri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Bu, Azərbaycan xalqı üçün böyük fəxr və tarixi bir hadisə idi. Bu, Azərbaycanın bəşəriyyətə böyük töhfələr verdiyinin növbəti sübutu idi. Sessiyanın açılışında Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda çıxış etdi. Daha sonra sessiyada Azərbaycan adından dövlət başçısının çıxışı oldu. Bu zaman da Azərbaycan Prezidenti ilk onluqda çıxış edənlər sırasında oldu. Bu da Prezident İlham Əliyevə beynəlxalq aləmdə, dünyanın ən nüfuzlu təşkilatında verilən qiymət, dəyərdir. Dövlət başçısı çıxışında koronavirusla mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən və beynəlxalq sahədə əməkdaşlıq yönündə töhfələrdən danışdı, pandemiyanın qarşısının alınması üçün dünyanın əməkdaşlığa ehtiyacı olduğunu vurğuladı. Eyni zamanda, əldə olunacaq peyvəndlərin qısa müddətdə ədalətli şəkildə dünya ölkələrinə paylanılmasının, imkanları məhdud olan ölkələrin diqqət mərkəzində saxlanılmasının vacib olduğunu qeyd etdi”.

M. İbrahimqızı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının ali tribunasında çıxışı zamanı həm də Azərbaycan torpaqlarının 30 ilə qədər işğal altında qalması və 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımızın azad edilməsi barədə ətraflı məlumat verdiyini söyləyib: “Prezident İlham Əliyev bu günə qədər bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırıb, Vətən Müharibəsinə qədər əsas problemimiz olmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq, qətiyyətli və prinsipial mövqeyini ortaya qoyub, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməməsini, ATƏT-in Minsk Qrupunun həmsədrlərini sərt tənqid edib. BMT Baş Assambleyasının bu sessiyasında isə Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi çıxış edirdi. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycan tərəfindən icra edildiyini vurğuladı. Eyni zamanda bir daha Ermənistanın terrorçu mahiyyəti, son dövrlər törətdiyi təxribatlar, hərbi cinayətləri barədə məlumat verdi, danışıqlar prosesini pozmaq üçün Ermənistan Baş nazirinin Qarabağ Ermənistandır bəyanatını səsləndirdiyini xatırlatdı. Prezident İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayaraq törətdiyi təxribat, Azərbaycanın cəbhədən kənarda yerləşən şəhərlərini ballistik raketlərlə atəşə tutması, mülki insanları qətlə yetirməsi barədə sessiya iştirakçılarını məlumatlandırdı. Dövlət başçısı Azərbaycanın şanlı Ordusunun bu təxribatların qarşısını aldığını nəzərə çatdırdı, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edildiyini, beləliklə, BMT qətnamələrinin də həyata keçirildiyini bildirdi. Eyni zamanda gələcəkdə bölgədə sülhün təmin olunmasında Rusiya və Türkiyənin iştirakı ilə Birgə Monitorinq Mərkəzinin yaradıldığını da nəzərə çatdırdı. Azərbaycan Prezidentinin çıxışındakı sətiraltı məna da aydın idi. İkili standartlardan, yaxud başqa səbəblərdən özlərinin qəbul etdikləri qətnamələri icra etməkdə aciz olan beynəlxalq təşkilatların qətnamələrini Azərbaycan icra etdi. Bu, dünya hərb tarixində ilk hadisədir ki, 30 ildən sonra bir dövlət işğal altındakı torpaqlarını 44 gün ərzində işğaldan azad edir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rola malikdir, nəqliyyat dəhlizlərinin qovşağına malikdir. Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə bölgədə yeni inkişaf, yeni təhlükəsizlik, yeni əməkdaşlıq erası başlayır. Ermənistan öz işğalçı, terrorist mahiyyətindən əl çəkərsə, o da bu imkanlardan bəhrələnə biləcək”.

Millət vəkili Prezident İlham Əliyevdən sonra çıxış edən dövlət və hökumət başçılarının çıxışlarında dövlət başçımızın adını çəkdiklərini xatırladıb: “Dövlət və hökumət başçıları bəşəriyyət üçün vacib olan bu Xüsusi Sessiyasının keçirilməsi üçün təşəbbüslə çıxış edən Azərbaycan Prezidentinə təşəkkür edirdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR