Dövlət başçısı: "Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”

Dövlət başçısı: "Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”
# 28 aprel 2020 21:38 (UTC +04:00)

“Biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfrans zamanı səsləndirib.

Dövlət başçısı əlavə edib ki, daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyə başlanıb: “Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronovirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”.

Prezident İlham əliyev bildirib ki, ölkəmizdə əlavə laboratoriyalar yaradılıb və hazırda onların sayı 18-dir: “Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR