Dövlət başçısı: "Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir"

Dövlət başçısı: "Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir"
  • Clock-gray 23:02
  • calendar-gray 17 İyun 2020

“Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir. Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhələsi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünki icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə də bizə yardımçı olacaq. Yəni hələ də kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, bu, vacib nailiyyətdir: “Sizə bir rəqəm deyə bilərəm. Ötən il bizim vergi və gömrük orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar. Əsasən də kölgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib.

Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, aztəminatlı və pandemiyadan əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərlə insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkcə kiçik sahibkarların sayı 600 minə yaxındır.

Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.

Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi”.

apa-logo-mini

Digər xəbərlər