Fransa səfiri Gəncədə olub

Fransa səfiri Gəncədə olub
# 05 dekabr 2019 10:13 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Azərbaycandakı səfiri Zakari Qrossla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

N. Bayramov Gəncənin tarixi, mədəni və sənaye potensialı haqqında məlumat verib.

O bildirib ki, Gəncədə 3 universitet və 3 kollec, habelə Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi isə davam etdirilir.

Gəncə Dövlət Dram Teatrının yeni binası və İdman Sarayının tikintisi aparılır.

N. Bayramov Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri seçildiyini də diqqətə çatdırıb.

Z. Qross Azərbaycanla Fransa arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivin olduğunu vurğulayıb.

O, Azərbaycanda fransız dili tədrisinin inkişafı üçün daha da artıq səy göstərəcəyini və bununla əlaqədar olaraq Gəncə Dövlət Universitetində bir sıra görüşlər keçirdiyini bildirib. Həmçinin, universitetdə böyük fransız yazıçısı Aleksandr Düma adına mərkəzin açılışında iştirak etməkdən qürur duyduğunu qeyd edib.

Hər il Azərbaycanda Frankafoniya bayramının təşkil olunduğunu bildirən səfir bayram çərçivəsində fransız dilində filmlərin nümayiş ediləcəyini qeyd edib.

Görüş zamanı ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR