Səməd Seyidov: “Prezident İlham Əliyevin nə dərəcədə milli maraqlarımıza cavab verən, məntiqli siyasət yürütdüyünün bir daha şahid olduq”

Səməd Seyidov: “Prezident İlham Əliyevin nə dərəcədə milli maraqlarımıza cavab verən, məntiqli siyasət yürütdüyünün bir daha şahid olduq”
  • Clock-gray 18:34
  • calendar-gray 23 Oktyabr 2020

“Qoşulmama Hərəkatı üzvlərinin səyi nəticəsində BMT TŞ-də Azərbaycanın əleyhinə olan bəyanatın qəbul edilməməsi ilə Prezident İlham Əliyevin nə dərəcədə milli maraqlarımıza cavab verən, məntiqli siyasət yürütdüyünün bir daha şahid olduq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri - İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası həm də Qoşulmama Hərəkatının üzvləridir: “Bu ölkələrin BMT TŞ-da Azərbaycanın əleyhinə bəyanat qəbul edilməsinə mane olması Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. Bu ölkələr iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Yəni bu ölkələr əyani və birmənalı şəkildə Azərbaycanın əleyhinə bəyanatın qəbul edilməsinə öz etirazlarını BMT tribunasından bildiriblər. Əsgərlərimizin cəbhədə vuruşması, torpaqlarımızı işğaldan azad edilməsi üçün bu, çox vacibdir. Bu işdə əsgərlərimizə əsas dəstək isə Azərbaycan xalqı, Prezident İlham Əliyevin gördüyü işlər və beynəlxalq səviyyədə aparılan fəaliyyətdir”.

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatından ən yüksək səviyyədə dəstəyi ən vacib olan beynəlxalq təşkilatda - BMT-də görüb: “Bunu uğur, ölkə başçısının diplomatik cəbhədə növbəti qalibiyyəti kimi qiymətləndirə bilərik. Eyni zamanda bununla QH-nin beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğu bir daha məlum oldu. Bəzən bir sıra ekspertlər Azərbaycanın QH-na qoşulmalı olmadığını bildirir, başqa ölkələrə humanitar və maliyyə yardımları etməyimizi yanlış addım kimi qiymətləndirir. Son hadisə isə bir daha göstərir ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilib, düşünülüb və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. Məhz bu uzaqgörən və ağıllı diplomatik gedişlərin nəticəsində bu gün beynəlxalq arenada, BMT səhnəsində Azərbaycanın mövqelərinin müdafiə edilməsinin şahidi oluruq. Bu isə Azərbaycan dövlət başçısının nə qədər müdrik və uzaqgörən siyasi xadim olduğunu bir daha təsdiqləyir”. 

Firuzə Vahid

Digər xəbərlər