Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib - FOTO

Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib - FOTO
  • Clock-gray 04:28
  • calendar-gray 17 Fevral 2020

Fevralın 15-də Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

Azərbaycanın Tehrandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirliklə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm potensialı haqqında məlumat verib.

Qeyd olunub ki, ölkələrimizin coğrafi yaxınlığı ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaradıb. Son illərdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi turizm sahəsində də qarşılıqlı əlaqələr inkişaf edir. Hazırda turizm qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilib. Bu sahənin inkişafı üzrə dövlət səviyyəsində geniş islahatlar aparılır.

Novruz bayramında İrandan Azərbaycana xüsusilə çox turist gəlir. Hazırda Azərbaycana gəlmək istəyən turistlərin səfərlərinin daha da asanlaşması istiqamətində iş aparılır. Ötən ilin dekabr ayının 1-dən İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına səfərlərini asanlaşdırmaq məqsədi ilə viza rejimi ləğv edilib. Tehran ilə Bakı arasında hər gün birbaşa təyyarə reysləri təşkil edilib.
Nəzərə çatdırılıb ki, turizm şirkətləri arasında əlaqələrin intensivləşməsi üçün seminar və konfranslar da təşkil ediləcək ki, bunlar da iki dost ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təkan verəcək.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə çıxışında bildirib ki, İran ilə Azərbaycanın əlaqələri səmimi dostluq və qardaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Turizm də iqtisadiyyatın əhəmiyyətli sahələrindən biridir. Qarşılıqlı turizm səfərlərinin təşkili hər iki ölkənin mənafeyinə uyğundur. Xalqların qohumluq əlaqələrinə malik olması turizmin inkişafına təkan verən amillərdəndir. Bu imkandan istifadə etmək və turizmi inkişaf etdirmək zəruridir.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxışında söyləyib ki, Azərbaycan ilə İranın münasibətləri müştərək tarixə, qədim dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ötən 7 il ərzində Azərbaycan və İran prezidentlərinin 13 görüşü olub, yüksək səviyyəli nümayəndə heyətlərinin 150-dən çox qarşılıqlı səfərləri həyata keçib və 75-dən artıq sənəd imzalanıb.
Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır. Həmçinin Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycan dünyada özünəməxsus multikultural dəyərlər ilə yanaşı, islam irsinin də təbliğinə xüsusi diqqət ayırır. Ölkəmiz turizm imkanlarına görə regionda və dünyada cəlbedici məkanlardan biridir
.

Simpoziumda İranın “Aysan Pərvaz” turizm şirkətinin direktoru Möhsün Dəsmalçi, Naxçıvan Muxtar Respublikası turizm departamentinin rəhbəri Əkbər Novruzov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, İran Turizm Agentlikləri Assosiasiyasının sədri Hörmətullah Rəfii və başqaları çıxış edərək turizm əlaqələrinin inkişafı istiqamətindən danışıblar.
Sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər