Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ

Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ
  • Clock-gray 19:09
  • calendar-gray 14 Avqust 2020

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın APA-ya müsahibəsi.

- Cənab səfir, Ermənistanın Tovuz istiqamətində təxribatından sonra təbii olaraq Azərbaycana ən böyük dəstək Türkiyədən gəldi. Bunun ardınca isə iki ölkə arasında qarşılıqlı səfərlərin və dəstək bəyanatlarının da artdığını müşahidə edirik. Elə söhbətə burdan başlamaq istərdik.

- Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə olub. O andan etibarən biz Azərbaycanın müstəqilliyinin gücləndirilməsi üçün əlimizdən gələn dəstəyi verməyə başlamışıq. Bu gün həm hərbi, həm siyasi, həm iqtisadi, həm mədəniyyət, həm də təhsil sahələrində Türkiyə Azərbaycana dəstəyini bəyan edib. Bu, bizim bir millət, iki dövlət olmağımızın nəticəsidir. Ondan irəli gələn nə varsa, hər zaman etməyə hazırıq. Azərbaycana yaxşı günündə də, pis günündə də dəstək verməyə, hər zaman onunla bir yerdə olmağa çalışırıq. Azərbaycanın da Türkiyəyə dəstəyi bu şəkildədir. Biz hər zaman birlikdəyik. Azərbaycana qarşı olan bu xain təxribat qarşısında da Türkiyə olaraq ilk andan reaksiya verdik və Azərbaycanın yanında olduğumuzu bəyan etdik. Bu gün baş verən proseslər də bunun nəticəsidir.

- Azərbaycanın yeni təyin olunan Xarici İşlər naziri Ceyhun Bayramov ilk rəsmi səfərini Türkiyəyə etdi. Səfər, eləcə də görüşlər yüksək səviyyədə baş tutdu. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə Ankarada keçirilən mətbuat konfransında iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri zamanı pasporta ehtiyac olmadığını bildirdi. Həm Ceyhun Bayramovun səfərini, həm də pasportla bağlı məsələni dəyərləndirmənizi istərdik. Şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin baş tutması məsələsi tərəflər arasında müzakirə olunur?

- Türkiyədə prezidentlər, parlament sədrləri, Xarici İşlər nazirləri ilk rəsmi səfərlərini Azərbaycana edirlər. Azərbaycan tərəfdən də belə bir addım atılır. Artıq belə bir ənənə mövcuddur. Ceyhun bəyin də səfəri bu qəbildən oldu. Səfər zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu daha bir təklif səsləndirdi. Bu, Türkiyə və Azərbaycan vətəndaşlarının sadəcə şəxsiyyət vəsiqəsi əsasında qarşılıqlı səfərlərini etməsi ilə bağlı idi. Əslində bu mövzu ilə bağlı işlər bir müddət əvvəl başlayıb. Bu xalqların təmasını gücləndirəcək, asanlaşdıracaq əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Dünən Azərbaycan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının isə Azərbaycanda 90 gün vizasız qalmasını nəzərdə tutan saziş qüvvəyə minib. Belə bir vaxtda vətəndaşlarımızdan pasport soruşmağın bir mənasının qalmadığı qənaətindəyik. Məhz elə buna görə də bu təklifi səsləndirdik. Ukrayna və Gürcüstanla bunu tətbiq etmişik. Yaxın vaxtlarda bununla bağlı müsbət nəticələr əldə olunacaq.

- Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Ceyhun Bayramovla birgə Türkiyədə səfər etdi. Eyni zamanda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər komandir heyəti birgə təlimləri izləmək üçün Azərbaycana səfər etdilər. Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin qarşılıqlı səfərləri zamanı hansı məsələlər müzakirə olunub? Bu səfərlərin hərbi-siyasi əhəmiyyəti və nəticələri barədə nə deyə bilərsiniz?

- Türkiyə 30 ildir Azərbaycanın müstəqilliyinin güclənməsi üçün əlindən gələn köməyi göstərir, Azərbaycana dəstək verir. Azərbaycan Ordusunun gücləndirilməsi, Azərbaycanın hərbi qüvvəsinin artırılması əhəmiyyətli yer tutur. Türkiyə hərbi məktəblərindən məzun olan azərbaycanlılar öz Ordularında xidmət edirlər. Türkiyənin hərbi akademiyalarında təhsil alan kifayət qədər azərbaycanlı var. Əslində bu çox geniş əməkdaşlıqdır. Bunun hansı istiqamətdə davam edəcəyi ilə bağlı təmaslar, axtarışlar mütəmadi olaraq edilir. Eyni şəkildə birgə hərbi təlimlər keçirilir. Ötən il həm Azərbaycanda, həm də Türkiyədə 15-dən artıq birgə hərbi təlim baş tutub. Bu ildə eyni şəkildə davam edəcəyik. Koronavirus pandemiyası bəzi layihələrin təxirə düşməsinə səbəb olub. Artıq pandemiya ilə mübarizədə nəticələr əldə edildikcə,  həyata keçirməyi planlaşdırdığımız layihələri icra edirik.

-  Türkiyə və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri gündəmdədirmi? Nə vaxta gözlənilir?

- Hazırda gündəmdə prezidentlərin qarşılıqlı səfər məsələsi yoxdur. Bildiyiniz kimi, pandemiyaya görə dünyada qarşılıqlı rəsmi səfərlərdə azalma hiss olunmaqdadır. Prezidentlərimizin görüşünə ehtiyac yaranarsa, təbii ki, bu olacaq. Prezidentlərimiz arasında telefon danışıqları mütəmadi olaraq baş tutur. Prezidentlərimiz bir-biriləri ilə təmasdadırlar.

- Azərbaycanla Türkiyə arasında əməkdaşlığın əsas sahələrindən biri hərbi tərəfdaşlıqdır. Son təlimləri və iki ölkə arasında hərbi tərəfdaşlığın vəziyyətini necə qiymətləndirirsiniz? Azərbaycan Türkiyədən müasir silahları almağı davam etdirir? Müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili haqda nə deyə bilərsiniz?

- Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri var. Bu münasibətlər çərçivəsində biz bir-birimizin ehtiyaclarını qarşılamaq üçün, zəif nöqtələrimizi gücləndirmək üçün hər zaman hər cür dəstəyi verəcəyik. Hərbi sahədə də bu keçərlidir. Hərbi sahədə əməkdaşlıq Türkiyə ilə Azərbaycanın aidiyyəti şirkətləri, zavodları və dövlət qurumları tərəfindən müzakirə edilir. Bu məsələlərdən irəli gələn addımlar atılır. Təbii ki, biz artıq bir-birimizə silah satan ölkə olmaqdan çıxmağı, birlikdə silah istehsal edən, müdafiə sənayesini birlikdə gücləndirən iki ölkə olmağı arzulayırıq. Bu mövzuda da lazım olan nədirsə, ediləcək.

- Ermənistan ordusu son hərbi təxribatı zamanı Naxçıvan ərazisini də atəşə tutdu. Bu istiqamətdə gərginlik yeni deyil və son dövrlər daha da aktivləşib. Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Son dövrlər Ermənistan tərəfinin yaratdığı təhdidlər fonunda Türkiyənin Azərbaycana Naxçıvanla bağlı hansısa təklifləri olub?

- Biz Naxçıvanı Azərbaycandan ayırmırıq. Azərbaycan da, Naxçıvan da bizim üçün eyni dəyərdədir. Naxçıvana da hər cür dəstəyi veririk. Hələ Azərbaycan müstəqilliyini elan etməzdən öncə biz Naxçıvana yardımlar etdik. Naxçıvanın Azərbaycanın bir parçası olaraq var olması üçün o vaxt hər cür dəstəyi göstərdik. Naxçıvan bizim üçün çox əhəmiyyətli bölgədir. Naxçıvanın iqtisadiyyatını gücləndirmək üçün Türkiyə hər şeyi edir. Bu günlərdə Türkiyə və Naxçıvan arasında uçuşlar yenidən bərpa olundu. Artıq həftədə bir dəfə uçuşlar həyata keçirilir. Naxçıvan bizi Azərbaycana, Orta Asiyaya, qardaşlarımıza bağlayan ən əhəmiyyətli yerdir. Buna görə də bu bölgədə xoşagəlməz hadisə olmasını istəmərik və buna icazə vermərik.

- Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün illərdir danışıqlar aparılır, lakin hər hansı nəticə əldə edilməyib. Mövlud Çavuşoğlu da Ceyhun Bayramovla görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini tənqid etdi, onların münaqişənin həlli üçün səmimi şəkildə çalışmadıqlarını bildirdi. Ankara problemdən çıxış yolunu nədə görür? Azərbaycan Minsk Qrupu ölkələrinin iştirakı ilə geniş tərkibdə görüşün keçirilməsi təklifi ilə çıxış edib. Türkiyənin bu məsələdə mövqeyi necədir?

- Türkiyənin ATƏT-in Minsk Qrupu çərçivəsində rolunun artırılması, həmsədr ölkə səviyyəsinə gətirilməsi ilə bağlı müxtəlif fikirlər var. Bu, baş verərsə, Türkiyə bunu məmnunluqla qarşılayar. Amma bu sadəcə Türkiyə və Azərbaycanın verəcəyi qərar deyil. 1994-cü ildə qurulan ATƏT-in Minsk Qrupunun 11 üzvündən biri də Türkiyədir. Amma əsas fəaliyyətləri idarə edən həmsədr ölkələr Rusiya, ABŞ və Fransadır. Biz 30 ilə yaxındır ki, Dağlıq Qarabağ mövzusunda aparılan danışıqların nəticə vermədiyini görürük. Konkret nəticə yoxdur. Əksinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir. Uzun zamandır Türkiyə Minsk Qrupu həmsədrlərini buna görə tənqid edir. Həmsədrlərə də problemin həlli istiqamətində yeni, konstruktiv fikirlər irəli sürməyə ehtiyac olduğunu açıq şəkildə bildiririk. Bugünkü vəziyyət əslində çox böyük haqsızlıq və ədalətsizlikdir. Minsk Qrupunun həmsədrləri iki tərəflə də eyni məsafədə dayandıqlarını, iki tərəfə eyni münasibət göstərdiklərini bildirirlər. Amma bu, ədalət deyil. Ədalət haqlının haqqının verilməsidir. Ermənistanın Dağlıq Qarabağ və digər 7 rayonu işğal etməsi beynəlxalq təşkilatların qərarlarında da göstərilib. Bu, beynəlxalq hüququn pozulmasıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyirik. Bunun da sülh yolu ilə həyata keçirilməsinin tərəfdarıyıq. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vəzifəsi də bu həllin sülh yolu ilə tez zamanda gerçəkləşdirilməsini təmin etməkdir.

- Ermənistan bu gün də 100 əvvəl imzalanmış və Lozanna sazişinin imzalanması ilə qısa müddətdə qüvvədən düşmüş Sevr anlaşmasına istinad edərək Türkiyədə qarşı əsassız iddialar irəli sürür. Ermənistanın əsassız iddialarının davam etməsi fonunda Türkiyə qarşılıqlı olaraq hansı addımları atmağı düşünür?

- Ermənistan rəhbərliyi öz xəyal dünyasında yaşayır. Bu xəyal dünyasını da yalan üzərində qurublar. Ermənistanın Sevr müqaviləsinin 100-cü ildönümü münasibətilə açıqlamalar səsləndirməsi, Türkiyəyə qarşı müxtəlif ittihamlar irəli sürməsi xəyalpərəstliyin və yalançılığın nəticəsidir. Ermənistan rəhbərliyinin bu yalançılığından ən çox zərər çəkən erməni xalqıdır. Bu gün Ermənistan rəhbərliyi daxildə çox ciddi problemlərlə və xalqın ağır ittihamları ilə üz-üzədir. Bunlardan xilas olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı təxribatlar törədirlər. Mən Ermənistan rəhbərliyini gerçəklərlə üzləşməyə çağırıram. Anadoluda hansı şəhərə, hansı kəndə gedirsiniz gedin, orada XX əsrin əvvəllərində ermənilərin törətdikləri qətliamlara məruz qalmış şəxslərin yaxınlarına rast gələcəksiniz. Türklərin, Osmanlı dövlətinin onlara qarşı “soyqırımı” törətdiyini iddia edən ermənilər Azərbaycanda qətlə yetirdiyi insanların hesabını verə bilmir. 30 il əvvəl ermənilər dünyanın gözü qarşısında Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bütün bunların sübutu var. Onların isə öz yalanlarını sübut edəcək heç bir sənədi yoxdur. Xocalıda yaşananlar isə tarixə düşüb. Ermənilər əvvəlcə bu qətliamın hesabını verməlidirlər. Onlar xəyal dünyasından çıxıb reallıqlarla üzləşməlidir. Hər zaman dediyim kimi, Türkiyə ilə Azərbaycanın dostluğu çox dəyərlidir. Dostlarımız qazanar, düşmənlərimiz isə uduzar. Bizim düşmənçiliyimiz çox təhlükəlidir, bundan qorxsunlar.

- Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında da Türkiyəyə qarşı fikirlər, qondarma “erməni soyqırımı”na dair iddialar yer alıb. Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasına münasibətiniz necədir? Bu strategiya qonşu ölkələrlə münasibətlərə təsiri barədə nə deyə bilərsiniz?

- Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına Türkiyə də reaksiya verdi. Həmin səndə qonşularla münasibətləri yaxşılaşdırmağa yox, əksinə düşmənçiliyi artırmağa yönəlib. Ermənistan xəyal və yalan dünyasından xilas olmalıdır. Ermənistan normal ölkə olsaydı, bu gün 80-90 mindən çox Ermənistan vətəndaşı Türkiyədə işləmək məcburiyyətində qalmazdı. Ermənistan əvvəlcə öz vətəndaşlarının rifahını və gələcəyini düşünməlidir. Buna görə də düşmənçilik münasibətlərindən ən qısa zamanda uzaqlaşmalıdır.

- Türkiyə son bir neçə il ərzində Türk dünyası ilə bağlı siyasətini daha da aktivləşdirib. Sizcə Türk Şurasının effektivliyinin artırılması üçün daha hansı addımlar atılmalıdır?

- Türk Şurası son illərdə güclənməkdədir. Ötən il Bakıda keçirilən Türk Şurasının iclasında ilk dəfə Özbəkistan da iştirak etdi. Ümid edirik ki, qardaş Türkmənistan da ən qısa zamanda Şura ilə bağlı işlərdə yer alacaq. Bundan başqa, son dövrlər Şuraya digər üçüncü ölkələrdən də maraq var. Koreya müşahidəçi olmaq üçün istəyini bildirib. Türk Şurası dünyada söz sahibi olan təşkilatlardan birinə çevrilib.

MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ"> MÜSAHİBƏ" data-description="gallery" alt="Türkiyə səfiri: “Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir” - MÜSAHİBƏ">

Firuzə Vahid

Digər xəbərlər