Tovuzda kartof istehsalı ilə məşğul olan fermerlər problemlə üzləşiblər

Tovuzda kartof istehsalı ilə məşğul olan fermerlər problemlə üzləşiblər
# 30 iyul 2008 10:11 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı – APA. Bir neçə gün əvvəl Tovuz rayonunda kartof yığımına start verilib. Mütəxəssislərin fikrincə, ötən illə müqayisədə bu il Tovuzda daha çox məhsul toplanacaq. Tovuz rayon İcra Hakimiyyətinin baş aqronomu Şakir Rüstəmov APA-nın qərb bürosuna bildirib ki, bu il Tovuzda 10 min hektardan çox sahədə kartof əkilib. Orta hesabla hər hektardan 30-35 tondan artıq məhsul yığılır. Onun sözlərinə görə, “Aqrolizinq” şirkətinin yaradılması, dövlət tərəfindən fermerlərə kompensasiyaların və güzəştli gübrələrin verilməsi rayonda bu sahəyə marağı artırıb. Məhsulun bol olması fermerlər üçün sevindirici hal olsa da, onlar müəyyən çətinliklərlə üzləşiblər. Belə ki, kartofların saxlanması üçün xüsusi anbarlar olmadığından fermerlər məhsulu ucuz qiymətə satmağa məcbur olublar. Fermer Cəlal Əhmədov toxumluq kartofu Rusiyadan aldıqlarını, nəticədə məhsulun maya dəyərinin artdığını bildirib: “Məhsulu 2-3 aydan artıq saxlaya bilmədiyimiz üçün ucuz qiymətə satmağa məcburuq. Ötən il 40-45 qəpiyə satılan kartofu bu il 20 qəpikdən veririk”.
Qeyd edək ki, keçən il rayon üzrə 294447 ton kartof yığılıb. Bu il isə 300 min tondan çox məhsul yığımı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR