Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üzrə beşillik strategiya hazırlanır

Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üzrə beşillik strategiya hazırlanır
# 29 mart 2021 15:08 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üzrə beşillik strategiya hazırlanır.

FAO-dan “APA-Economics”ə verilən məlumata görə, layihədə həmçinin iki pilot regionda – Gəncə və Quba regionlarında bu strategiyaya uyğun üçillik planlar hazırlayıb icra etmək də nəzərdə tutulub.

Layihənin regional fəaliyyəti Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edəcək.

Layihənin praktiki hissəsi olaraq, yaxın günlərdə Qubada regional ofis açılacaq. Ofis ölkədə aqrar məsləhət xidmətlərinin inkişafı üçün hazırlanmaqda olan strategiyanın və hazırlanan yeni modelin region fermerlərinə uyğunluğunu sınaqdan keçirəcək.

Quba-Xaçmaz iqtisadi regionunda yeni modeli sınaqdan keçirmək üçün bir sıra üstünlüklər var: regionda bitkiçiliyin inkişafı, fermerlərdə təsərrüfatçılıq ənənələrinin formalaşması, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Regional Aqrar Elm və İnnovasiya Mərkəzi kimi qurumların burada yerləşməsi, münbit torpaq və iqlim şəraiti aqrar məsləhət xidmətinin bütün fermerlər üçün əlçatan edilməsini vacib edir.

Regionda icmaların seçilməsi üçün fəaliyyətə başlanılıb. Aqrar sahə iştirakçıları ilə görüşlərdə bu barədə onların fikirləri və təklifləri qiymətləndirilərək seçim başa çatdırılacaq və pilot fəaliyyətlər həmin icmalarda tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR