Tomas Hammarberqin Gürcüstanda münaqişə zonasında insan hüquqlarının vəziyyətinə dair hesabatı dərc olunub

Tomas Hammarberqin Gürcüstanda münaqişə zonasında insan hüquqlarının vəziyyətinə dair hesabatı dərc olunub
# 10 sentyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Cənubi Osetiya münaqişəsindən zərər görmüş ərazilərdə insan hüquqlarının vəziyyətinə dair xüsusi hesabatını dərc edib. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, hesabatda baş verən hadisələr insanlıq fəlakəti kimi dəyərləndirilir: “Minlərlə insan zərər görmüş evlərini yenidən qurmaq üçün zəmanət və kömək gözləyirlər. Bu könüllü şəkildə geri qayıtmaq prinsipinin müdafiə olunmasını, bütün qərar verənlər tərəfindən tanınmasını və bütün münaqişə qurbanlarının seçim hüquqları haqqında məlumatlandırılmasını tələb edir. Təəssüflər olsun ki, təqribən 30,000 insanın yaxın gələcəkdə öz evlərinə qayıda bilməyəcəkləri ilə bağlı ciddi təhlükənin olmasını nəzərə almaq lazımdır. Onlara qayğı göstərilməli və həyata normal şəkildə davam edə bilmələri üçün kömək edilməlidir. Bunun üçün də maddi resursların ayrılmasına, milli və beynəlxalq qurumlar tərəfindən göstərilən köməyin yaxşı təşkil olunmasına və məcburi köçkünlərin qərar vermə rrosesində iştirak etmək üçün dəvət olunmasına ehtiyac var”.

Tomas Hammarberq qeyd edib ki, məcburi köçkünlərin evlərinə geri qayıtmasına təsir edən ən böyük əngəllərdən biri də geniş ərazilərin bombalardan, mərmilərdən, partlamamış sursatlardan və müharibənin digər qalıqlarından zərər görməsidir: “Başlıca məsələlərdən biri sistemli şəkildə minadan təmizləmə işinin həyata keçirilməsidir. Əhali təhlükələrə qarşı və onlardan necə yayınmaqla bağlı tam məlumatlandırılmalıdır. Başlamış olan minadan təmizləmə səyləri davam etdirilməli və bu sahədə beynəlxalq əməkdaşlıq alqışlanmalıdır”.

Hesabatda yer alan tövsiyələrdən biri həbs olunmuş və ya gizlədilmiş insanların axtarışı və tərəflər arasında insanların dəyişdirilməsi prosesinin davam etdirilməsi ilə bağlıdır: “İtkin düşmüş insanlarla bağlı məlumatların toplanması və onun əsasında fəaliyyət göstərilməsi sistemləşdirilməlidir. Tərəflər arasında insanların dəyişdirilməsi mexanizmi möhkəmləndirilməlidir. Atəşkəsin monitorinqini aparanların və polisin iştirakından başqa insan hüquqlarının monitorinqinin aparılması üçün sistemli və səlahiyyətli beynəlxalq yardıma ehtiyac var. Əsirlərlə bağlı pozuntularla əlaqədar dəlillərin tərəfsiz və sistemli şəkildə torlanması üçün də səylər planlaşdırılmalıdır. Bu, bölgədə əsas insan hüquqlarının qorunmasında olduqca effektiv ola biləcək beynəlxalq yardım paketinin hazırlanması üçün beynəlxalq insan hüquqları təşkilatları arasında təcili əlaqələrin qurulmasını tələb edir”. Qeyd edək ki, hesabat Tomas Hammarberqin 22-29 avqustda Vladiqafqaz, Sxinvali, Qori, Tiflis və Moskvaya etdiyi səfərlər əsasında hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR