Belçika səfiri Polşa XİN-ə çağırılıb

Aleksandr De Kro, Mateuş Moravetski

© APA | Aleksandr De Kro, Mateuş Moravetski

# 29 oktyabr 2021 15:53 (UTC +04:00)

Belçika səfiri Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın PAP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa XİN-in sözçüsü Lukaş Yasina bildirib.

Səfirin XİN-ə çağırılmasına Belçika Baş naziri Aleksandr De Kronun Brügge Kollecindəki mühazirəsi səbəb olub.

Belə ki, Baş nazir mühazirəsində polşalı həmkarı Mateuş Moravetskinin "Financial Times"ə müsahibəsinə istinad edərək bildirib ki, o, təhlükəli oyun oynayır: “Əgər kimlərsə təxribatçı müsahibələr verirsə və inanırsa ki, onlar üçün "Financial Times"də yeni müharibə elan etmək siyasi cəhətdən vacibdir, o zaman mən onlara bir şey demək istəyirəm: Siz təhlükəli oyun oynayırsınız, daxili siyasi səbəblərdən avropalı həmkarlarınızla müharibə elan edərkən odla oynayırsınız”.

Belçikanın Baş naziri əlavə edib ki, Avropa Komissiyasından maddi vəsait alıb, daha sonra onun dəyərlərindən imtina etmək olmaz.

Xatırladaq ki, Polşanın Baş naziri "Financial Times"ə müsahibəsində bildirib ki, Avropa Komissiyasının Polşadan tələbləri var. O, Brüsseli hədələrdən, iqtisadi və siyasi sanksiyalardan çəkinməyə və mübahisəni qanuni yolla həll etməyə çağırıb. Polşanın Baş naziri onu da qeyd edib ki, bütün vasitələrdən istifadə edərək öz hüquqlarını qoruyacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR