Azərbaycan Prezidenti: “Hazırda Dağlıq Qarabağda yaşayan mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq”

Azərbaycan Prezidenti: “Hazırda Dağlıq Qarabağda yaşayan mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq”
# 09 noyabr 2020 13:37 (UTC +04:00)

“Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?” sualına cavabında deyib.

“Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar”, - deyə dövlət başçısı vurğulayıb.

“Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir”, - deyə jurnalist bildirib.

“Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR