Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov: “Fövqəladə Hallar Nazirliyinin formalaşdırılmasında Rusiya modelinə üstünlük verilib”

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov: “Fövqəladə Hallar Nazirliyinin formalaşdırılmasında Rusiya modelinə üstünlük verilib”
# 15 dekabr 2006 11:36 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun APA-ya eksklüziv müsahibəsi

- Fövqəladə Hallar Nazirliyinin fəaliyyətə başlamasından ötən müddət ərzində hansı işlər görülüb? Nazirliyin strukturunun formalaşdırılması prosesi hansı mərhələdədir?
- Azərbaycan Prezidentinin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” fərmana uyğun olaraq, nazirliyin tərkibində struktur bölmələri yaradılıb. Ölkə başçısının bu il aprelin 19-da imzaladığı fərmanla isə nazirliyin Əsasnaməsi, strukturu və işçilərin say həddi təsdiq edilib. Həmçinin nazirliyin strukturuna daxil olan “Dövlət Yanğın Nəzarəti Xidməti”, “Mülki Müdafiə Qoşunları”, “Dövlət Material Ehtiyatları Agentliyi”, “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi”, “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi” və “Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti” haqqında əsasnamələr hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Nazirliyin mərkəzi aparatının strukturu, əsasən, formalaşıb. Nazirliyin tabeliyində olan Mülki Müdafiə, Yanğın Təhlükəsizliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti, Material Ehtiyatları, Sularda Xilasetmə, Xəzər Hövzə Qəza Xilasetmə, “İzotop” xüsusi kombinatı kimi xidmət sahələri tam gücü ilə fəaliyyət göstərir, indi bu təşkilatların maddi-texniki bazalarının genişləndirilməsi ilə bağlı iş aparılır. Qalan qurumların isə əsasən bir hissəsi formalaşdırılıb, digərlərinin yaradılması və fəaliyyətinin təşkil olunması prosesi gedir.
Onu da qeyd edim ki, nazirliyin tərkibində yeni yaradılmış Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi artıq tikinti sahəsindəki özbaşınalığın, norma və qaydaların pozulmasının qarşısının alınması ilə bağlı tədbirlər görməyə başlayıb.
- Nazirlik hansı ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq edir. Nazirliyin formalaşmasında hansı ölkələrin təcrübəsinə üstünlük verilir?
- Əvvəlcə, onu qeyd edim ki, nazirliyin formalaşmasında bir sıra ölkənin analoji qurumlarının təcrübəsi öyrənilib. Lakin daha effektiv və çevik olması səbəbindən Rusiya modelinə üstünlük verilib. Nazirlik yarandığı gündən indiyədək Koreya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Belarusun müvafiq qurumları ilə beynəlxalq müqavilələr imzalayıb, təsdiq olunan tədbirlər planı üzrə əməkdaşlığa başlanılıb.
- Nazirliyin maddi-texniki bazasının formalaşdırılması ilə bağlı hansı işlər görülür, hansı texnika və avadanlıqlar alınıb və alınması nəzərdə tutulur?
- Nazirliyin maddi-texniki bazasının formalaşdırılması ilə bağlı çoxlu iş görülüb. Rusiyadan 16 ədəd yükünü özüboşaldan, 20 ədəd bortlu avtomobil alınıb, ilin axırına qədər daha 50 yanğınsöndürən maşının alınması nəzərdə tutulur, bir vertolyot alınıb və gələn il daha 3 vertolyotun alınması üçün müqavilə hazırlanıb. Hazırda bir amfibiya tipli BE-200 təyyarəsinin alınması ilə bağlı danışıqlar aparılır. Bundan başqa, Türkiyədən 12 iritutumlu avtobus alınıb, müqavilələrə əsasən ilin sonuna kimi Fransadan 90, Almaniyadan 86, Finlandiyadan 2 xüsusi yanğınsöndürmə texnikasının gətirilməsi nəzərdə tutulub, Belarusla 40-dan yuxarı xüsusi texnikanın alınması barədə müqavilə imzalanmaq üzrədir. Nazirliyin fəaliyyəti ilə bağlı xüsusi geyimlər, texniki vasitələr, cihazlar və avadanlıqlar alınıb və alınmaqdadır.
- Fövqəladə Hallar Nazirliyi üçün kadrların hazırlanması prosesi necə həyata keçirilir? Nazirlik üçün xaricdə kadrların hazırlanması nəzərdə tutulurmu? Bundan başqa, Azərbaycanda bununla əlaqədar xüsusi məktəbin yaradılması planlaşdırılırmı?
- Yüksək ixtisaslı kadrların hazırlanması üçün nazirliyin tabeliyində təlim-tədris mərkəzinin təşkil olunması nəzərdə tutulub. Ölkələr arasında razılaşmalara görə, Ukraynanın Xarkov şəhərində yanğınsöndürmə, Moskvada Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasında ixtisaslarını artırmaq üçün hər il 5-6 zabit göndərilir. İmzalanan qarşılıqlı sazişlərə əsasən, bu ölkələrdə gələcəkdə dinləyicilərin sayının artırılması, həmçinin, başqa ölkələrlə də belə əlaqələrin yaradılması nəzərdə tutulur.
- Fövqəladə Hallar Nazirliyinin əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaqın aparılması ilə bağlı funksiyası hansı hallarda nəzərdə tutulur? Nazirliyin xüsusi laboratoriyaları olacaqmı?
- Təbii və texnogen fəlakətlər zamanı nazirlik tabeliyində olan əməliyyat-istintaq idarəsi vasitəsilə səlahiyyətlərinə aid edilən işlər üzrə əməliyyat-axtarış fəaliyyətini, təhqiqatın və ibtidai istintaqın aparılmasını təşkil edə bilər. Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq ona tabe olan qurumların tərkibində xüsusi sınaq və təhlil laboratoriyalarının yaradılması və ya yenidən qurulması nəzərdə tutulub. Artıq bu laboratoriyaların bir qismi fəaliyyət göstərir.
- Nazirliyin Əsasnaməsində müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, həmçinin, hüquq müəyyənedici sənədlər verilməsi nəzərdə tutulur. Söhbət hansı fəaliyyət növlərindən gedir?
- Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsində müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, həmçinin, hüquq müəyyənedici sənədlərin verilməsinin qurumun birbaşa vəzifəsi və hüququ olduğu qeyd edilib. Bu sənədlər, əsasən, mühəndis-axtarış, layihələndirmə, dağ-mədən nəzarəti sahələrini əhatə edir. Gələcəkdə bunun tikinti-quraşdırma, buraxılış-sazlayıcı, sənayedə işlərin təhlükəsiz görülməsi ilə bağlı müfəttişlik sahələri, yanğından mühafizə və yanğın nəzarəti, radioaktiv təhlükəsizlik sahələrinə də şamil olunması nəzərdə tutulur. Biz adları çəkilən sahələrdə dövlət nəzarətinin zəruriliyini nəzərə alıb, hazırda lisenziya tələb olunmayan bir sıra fəaliyyət növünün lisenziyalaşdırılması barədə dövlət başçısına müraciət etmişik.
- Hündür mərtəbəli binaların tikintisində hansı məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur?
- Əvvəla, onu qeyd edim ki, indiyə kimi tikintinin təhlükəsizliyinə dövlət nəzarəti çox zəif olub. Buna görə də tikinti üçün torpaq sahələrinin ayrılması məsələsində, layihələr razılaşdırılan zaman şəhərsalma normalarına əməl olunmayıb. Tikintidə qüvvədə olan norma və qaydaların pozulması, binaların bir-birinə çox yaxın məsafədə, bir çox halda yüksək gərginlikli hava elektrik xətlərinin, mühəndis kommunikasiyaları və qurğularının mühafizə zolaqlarında tikilməsi adi hala çevrilib. Tikinti ərazilərində yanğın təhlükəsizliyi normaların təmin olunmaması yanğın baş verdikdə texnikadan istifadəni mümkünsüz edir. Nəzərə alaq ki, tikinti sahəsində normaların, qaydaların kobud pozulması ağır nəticələrə gətirib çıxara bilər. Bu isə birbaşa əhalinin təhlükəsizliyi ilə bağlıdır. Bunu nəzərə alaraq, dövlət başçısının fərmanı ilə tikintiyə nəzarət funksiyaları Fövqəladə Hallar Nazirliyinə həvalə edilib, bu işi həyata keçirmək üçün nazirliyinin tərkibində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılıb. Hündür mərtəbəli binaların tikintisində məhdudiyyətlərlə bağlı fikirlərimizi dəfələrlə bildirmişik. Bakının indiki məhəllələrinin kiçik bir hissəsində ayrı-ayrı hündür mərtəbəli binaların tikilməsi düzgün deyil. Ona görə ki ərazidə yalnız yeni bina tikilir, köhnə məhəllənin kompleks yenidən qurulması prosesi isə aparılmır. Paytaxtın tarixi hissəsində memarlıq abidələrinin görünüşü və mərtəbəliliyi, nəqliyyatın hərəkəti, dayanıqlığı nəzərə alınmır. Həmçinin abadlıq sahələrində, ümumiyyətlə, yaşıllıq ərazilərində hündürmərtəbəli binaların tikilməsi yolverilməzdir. Tikinti aparılarkən, əsasən də, yaşayış binaları inşa olunanda seysmik dayanıqlılıq şərtlərinə əməl etmək vacibdir. Tikinti aparılarkən ərazinin seysmik aktivliyi, geoloji və hidrogeoloji şərait, yüksək yük gərginliyi altında işləyən özüllər və konstruktiv elementlərin dəqiq layihələndirilməsi, eləcə də tikintidə istifadə olunan bütün materialların, avadanlıqların yüksək keyfiyyətdə, standartlara uyğun olması təmin edilməlidir. Bu məqsədlə nazirliyin qarşısında seysmik aktiv zonalarda bina və qurğuların seysmik dayanıqlığının işlənib hazırlanmasını təşkil etmək, ərazilərin, bina və qurğuların təbii fəlakətlərdən müdafiəsi, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi üzrə yerli şəraitə uyğunlaşdırılan tikinti norma və qaydalarını hazırlamaq, tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ sənədlər sisteminin formalaşdırılmasını təşkil etmək və bunların icrasına nəzarəti təmin etmək vəzifəsi qoyulub. Artıq qaydaların pozulduğu bir neçə tikintidə işlər dayandırılıb, pozuntuların aradan qaldırılması üçün onlara vaxt verilib.
- Nazirliyin səlahiyyətinə radiasiya təhlükəsizliyini təmin etmək və ətraf mühitin radioekoloji monitorinqinin keçirilməsi, eyni zamanda təhlükə doğuran sənaye obyektlərinin yerləşmə baş sxeminin hazırlanması daxildir. Bu baxımdan nazirlik hansı tədbirləri görməyi planlaşdırır?
- Radioaktiv təhlükəsizliyin təmin olunması üçün nazirlik Nazirlər Kabineti qarşısında radioekoloji monitorinqin aparılması, radioaktiv çirklənmənin qarşısının alınması, həmçinin, radioaktiv tullantıların zərərsizləşdirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tərkibində xidmətin yaradılması məsələsini qaldırıb, bununla bağlı məsələ artıq razılaşdırılıb, bu istiqamətdə iş aparılır. Onu da qeyd edim ki, bu ilin sentyabrında Ukraynanın Radiasiya Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsi ilə Fövqəladə Hallar Nazirliyi arasında bu sahədə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanıb. Hazırda təhlükə doğura biləcək obyektlərin yerləşmə baş sxemi hazırlanır. Həmçinin, bu obyektlərin, o cümlədən hidrotexniki qurğuların Dövlət Reyestrinin aparılması, iş rejiminə və təhlükəsizliyə nəzarətlə bağlı işlər görülür. Məsələn, noyabrın əvvəllərində Mingəçevir su anbarının ərazisində baş verən sürüşmə ilə bağlı Prezidentin Mingəçevir su anbarının qərbində, Bozdağda baş verən torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılmasına dair sərəncamı ilə hökumət komissiyası yaradılıb, bərpa işlərinin həyata keçirilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Artıq təhlükə aradan qaldırılıb, layihə institutu və podratçı təşkilat profilaktik mühəndis mühafizə tədbirlərini həyata keçirməyə başlayıb.
- Nazirliyin Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizəsində iştirakı planlaşdırılırmı?
- Fövqəladə Hallar Nazirliyi Xüsusi Dövlət Mühafizəsi Xidməti və başqa təşkilatlarla birlikdə Neft və Qaz Magistral Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin işində fəal iştirak edir. Boru kəmərlərinin keçdiyi, ayrı-ayrı sektorlara bölünən bütün ərazilərdə Xüsusi Əməliyyat Planına uyğun olaraq, nazirlik Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə iş aparır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR