DİN-in Miqrasiya Xidmətinin rəisi Şövqü Hadıyev: “Azərbaycanda “Deportasiya haqqında” qanun yoxdur”

DİN-in Miqrasiya Xidmətinin rəisi Şövqü Hadıyev: “Azərbaycanda “Deportasiya haqqında” qanun yoxdur”
# 22 dekabr 2006 09:13 (UTC +04:00)
2006-cı il mayın 15-də fəaliyyət başlamış Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Xidmətinin tərkibində 3 şöbə, 1 bölmə və 1 mərkəz fəaliyyət göstərir. Bunlar əcnəbilərin qeydiyyatı və immiqrasiyaya icazə şöbəsi, vətəndaşlıq məsələləri üzrə şöbə, immiqrasiyaya nəzarət şöbəsi, analitik bölmə və araşdırma mərkəzidir. Bu barədə məlumatı APA-ya DİN MX-in rəisi polkovnik Şövqü Hadıyev verib. Ş. Hadıyevin sözlərinə görə, araşdırma mərkəzində saxlanan qeyri-qanuni immiqrantların haqqında araşdırma aparılır, sənədləri yoxlanılır, sonra ölkələrinə deportasiya olunurlar. MX həmin şəxslərin deportasiyası barədə qərar qəbul edir, buna səlahiyyəti var: “Baxmayaraq ki, “Deportasiya haqqında” qanun hələ yoxdur, Miqrasiya Xidməti məhkəmənin qərarı olmadan qanuni pozan əcnəbini deportasiya etmək hüququna malikdir. Qanuna əsasən, Azərbaycana gələn xarici vətəndaş 30 günədək qeydiyyatsız qala bilər. 30 gündən 1 ilədək qalan şəxs yaşadığı ərazi polis orqanına müraciət edərək qeydiyyata düşməli, müvəqqəti yaşamaq barədə müvafiq sənəd - qeydiyyat vəsiqəsi almalıdır. Həmin pasporta Xarici İşlər Nazirliyinin icazə möhürü vurmalıdır. Bu sənədi olmayan əcnəbilər saxlanılır və araşdırma mərkəzi məsələni araşdırır. Elə şəxslər olur ki, vizası olsa da, qeydiyyat vəsiqəsi almır. Belə olan halda həmin şəxs cərimələnir, xəbərdarlıq edilir ki, qeydiyyat vəsiqəsi alsın. Bu vəsiqə bizimkindən fərqlidir, çəhrayı rəngdədir. Bu şəxs barədə bütün məlumatlar yer alır”. Ş. Hadıyevin bildirdiyinə görə, əcnəbilərin qeydiyyatı müvəqqəti və daimi aparılır. Müvəqqəti qeydiyyata düşənlər Azərbaycanda 30 günədək və ya 1 ilədək qalmağa gələnlərdir. Əcnəbilər öz ölkələrinin milli pasportu ilə Azərbaycana gələn və qalmaq istəyənlərdir. Vətəndaşlığı olmayan şəxslər isə 99% keçmiş SSRİ məkanından gələn, - SSRİ tipli sənədlərlə burada qeydiyyata düşməmiş və ya saxta yolla qeydiyyata düşmüş, daha sonra müstəqillik əldə etmiş vətənində vətəndaşlıq almayan şəxslərdir: “Məsələn, 90-cı illərdə Gürcüstandan Azərbaycana xeyli sayda həmin ölkənin vətəndaşı olan azərbaycanlı keçib. Onlar Gürcüstan SSRİ-in pasportu ilə gəliblər, burada yerləşiblər, qeydiyyata düşməyiblər. Halbuki, orada da qeydiyyatdan çıxıblar. Burada mənzil alıblar, işləyirlər, nə qədər qəribə olsa da, uşaqları məktəblərə götürülüb. Onların pasportu SSRİ tipli pasportdur. Onları indi nə Gürcüstan öz vətəndaşı sayır, nə də Azərbaycan. Vətəndaşlığı olmayan bu şəxslər müvafiq şəxsiyyət vəsiqəsi ilə təmin olunur. Onlar bu sənədlə hərəkət edirlər, ölkədən çıxa bilirlər. Həmin şəxslərə 2 illik xarici pasport verilir. Bu şəxslər istəsə, 5 ildən sonra vətəndaşlığı qəbul etmək barədə vəsatət qaldıra bilər. Amma vətəndaş olmaq istəməyənlər də var. Məsələn, keçmiş SSRİ zamanında İrandan Azərbaycana gəlmiş çoxlu sayda mühacir var. İndiyədək onlar vətəndaşlıq almayıblar, mühacir kimi yaşayıblar. Həmin şəxslərə vətəndaşlığı olmayan şəxslərə aid sənədlər verilir. Milli pasportlarla gələnlər də müvafiq sənədlərlə təmin olunurlar. Həmin əcnəbilər burada mütləq qeydiyyata düşməlidirlər”. Xidmət rəisi bildirib ki, Azərbaycanda daimi qeydiyyatda olan və vətəndaşlığı olmayan şəxslər 5 il bu ölkədə yaşadıqdan sonra vətəndaşlıq məsələləri üzrə şöbəyə müraciət edə bilər. Şöbədə müvafiq sənədləşmə prosesi aparılandan sonra sənədlər toplanır və Prezident Aparatı yanında vətəndaşlıq məsələləri üzrə komissiyaya göndərilir. Həmin şəxsi vətəndaşlığa qəbul edib-etməməsi komissiyanın səlahiyyətindədir. İmmiqrasiyaya nəzarət şöbəsi isə ölkədə qeydiyyatsız yaşayan əcnəbilərin müəyyənləşdirilməsi, ölkədən çıxarılması ilə bağlı sənədləşmə prosesi ilə məşğuldur. Şöbə həmin şəxsləri saxlayır, yerini müəyyənləşdirir, yoxlamadan sonra deportasiya edir. Qurumun beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini söyləyən Ş. Hadıyev bildirib ki, Azərbaycanın MDB dövlətləri ilə hüquqi yardım sazişi var. MX bütün MDB ölkələrinin müvafiq qurumları ilə yazışmalar aparır. Avropa ölkələri və Türkiyə ilə də əlaqələr mövcuddur: “Əlaqələrin olmadığı ölkələrin nümayəndələri Azərbaycana gələndə problem yaranır. Bu da həmin ölkələrin Azərbaycanda səfirliyinin olmamasından qaynaqlanır”.
Ş. Hadıyevin sözlərinə görə, 18 yaşına çatmış, fəaliyyət qabiliyyəti olan, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycana immiqrasiya üçün MX-ə müraciət etməlidir. Əgər həmin şəxslər istəsələr, Azərbaycanın xaricdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər: “Biz müvafiq yoxlama aparırıq. Həmin şəxslərin təqdim etdiyi sənədlər araşdırılır, onlarla müsahibə aparılır. Azərbaycana daxil olan immiqrantlar mütləq sağlamlıq barədə sənəd təqdim etməlidir. Müraciət edən şəxsə 6 ay ərzində cavab verilməlidir. Müraciətin qəbul edilib-edilməməsi də əsaslandırılmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR