Millət vəkili: “Prezident Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri ilə bağlı dünyaya mühüm mesajlar verdi”

Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili

© APA | Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili

# 22 may 2021 20:12 (UTC +04:00)

“Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfər Ermənistanın işğalçı siyasətinə son qoydu. Ermənistanın acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T.Kərimli deyib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə bundan sonrakı mərhələdə gələcək naminə yeni əməkdaşlıq gündəliyinin müəyyən olunmasını vacib sayıb, Azərbaycanın Ermənistanla arasında əlaqələrin normallaşmasında maraqlı olduğunu bəyan edib: “30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan edirdi ki, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcək. Ermənistanı vaxt itirdi. Təsadüfi deyil ki, Ermənistanın müstəqillik qazandığı zaman ilə müqayisədə vəziyyəti hazırda daha ağırdır. Ermənistan altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir, cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Dövlət başçısının da qeyd etdiyi kimi, uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirir, ictimai rəyi çaşdırır, Azərbaycanla bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başlamışdı. Ona görə də indi baş verənlər Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Onlar hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar”.

Millət vəkili “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq öz aktuallığını itirdiyini vurğulayıb: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. Minaların təmizlənməsi də çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır”.

Millət vəkili işğaldan azad olunmuş ərazilərin vəziyyətinin erməni vandalizmin sübutu olduğunu qeyd edib: “Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Azərbaycan Prezidenti “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə nəzərə çatdırdı ki, bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı, bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb. Ancaq biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Dövlət başçısının da vurğuladığı kimi, bu, asan deyil, emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Ancaq Azərbaycan əməkdaşlığa hazırdır. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışır, gələcək haqqında düşünmürlər”.

T.Kərimli Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, bu həmsədrlərindən biri olan ABŞ-a mühüm mesaj verməsinə diqqət çəkib: “Dövlət başçısı bildirdi ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər, çünki ABŞ dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Vaşinqtonun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Digər tərəfdən, dövlət başçısı tədbirdə sualları cavablandırarkən bir daha Zəngəzur dəhlizinin regionun inkişafında strateji əhəmiyyət kəsb edəcəyinə diqqət çəkib. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ümumiyyətlə, Azərbaycan Prezidenti tədbirdə Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri ilə bağlı dünyaya mühüm mesajlar verdi, Azərbaycanın regionda inkişaf və əməkdaşlıqda maraqlı olduğunu bir daha nəzərə çatdırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR