QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib

QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib

© APA | QMİ sədri və Türkiyə səfiri

# 18 may 2021 15:56 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  QMİ sədri Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. O, ölkəmizə yeni təyin olunmuş Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirib və səfirə fəaliyyətinə xeyir-dualar diləyib.

Prezident  İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini «Bir millət-iki dövlət» kimi dəyərləndirməsinə uyğun şəkildə uğurla inkişaf etdirməsindən qürur duyduğunu bildirən A. Paşazadə qardaş ölkə olan Türkiyənin böyükelçisini təkcə diplomat deyil, məhz qardaş qismində qəbul etdiyini xüsusi qeyd edib. QMİ sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət  duyduğunu bildirən Şeyxülislam, bizi istəməyən qüvvələrə qarşı mütəşəkkil olmağın vacibliyinə diqqəti çəkib.

Qardaş Türkiyə dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyini və davamlı inkişaf etdirilməsinin vacib olduğuna diqqəti çəkib. Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını bildirən A. Paşazadə Müfti  Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə səylərini yüksək qiymətləndirib.

C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından dərin məmnunluğunu dilə gətirərək,  bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğuladı. O, Türkiyə dövlətinin hər zamankı kimi  bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə edib. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini xüsusu vurğulayıb. Səfirin Qüds məsələsinə dair müsəlman dünyasının narahatlığını qeyd etməsi ilə bağlı A. Paşazadə Qurani-Kərimdə zikr olunan Qüdsü-Şərifin İslam aləmi üçün müqəddəslik kəsb etdiyini və müqəddəsliklərə münasibətin dəyişməz olduğunu xüsusi vurğulayıb.

A. Paşazadə səfirə qarşıdakı fəaliyyətində uğurlar diləyib,  xalqlarımız, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR