İrfan Ülkü: “Gələcək 5 ildə Azərbaycan ədəbiyyatının bir çox qiymətli nümunəsi Türkiyədə çapdan çıxacaq”

İrfan Ülkü: “Gələcək 5 ildə Azərbaycan ədəbiyyatının bir çox qiymətli nümunəsi Türkiyədə çapdan çıxacaq”
# 25 dekabr 2006 08:30 (UTC +04:00)
“Azərbaycanın iqtisadi inkişafı ölkə ədəbiyyatının xaricdə daha yaxşı tanınması əv təbliğ olunmasına təkan verəcək”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İrfan Ülkü deyib. O, gələcək 5 ildə Azərbaycan ədəbiyyatının bir çox qiymətli nümunəsinin Türkiyədə çap ediləcəyini bildirib. İ. Ülkü Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın Türkiyədə çıxmış əsərlərinin onu Azərbaycanın önəmli yazıçılarından biri kimi tanıtdığını söyləyib. Bu yaxınlarda K. Abdullanın “Sehrbazlar dərəsi” romanının da Türkiyədə nəşr olunacağını açıqlayan İ. Ülkü əsərlərində milli ənənəni postmodernist üslubla ifadə edən yazıçını “Azərbaycanın Orxan Pamuku” adlandırıb. Azərbaycan ədəbiyyatının Türkiyədə çap edilən nümunələrinin ədəbiyyatımızın ümumi səviyyəsini əks etdirib-etdirməməsi və kimlərin əsərlərinin Türkiyədə yayımlanmasının məqsədəuyğun olacağı barədə suala İrfan Ülkü belə cavab verib: “Mən iki il əvvəl Bakıda “Ədəbiyyat” qəzetində çıxan məqaləmdə İsa Hüseynovu “Azərbaycanın Uilyam Folkneri” adlanırmışdım. Məncə İsa Hüseynov Türkiyədə çap edilməyə haqq qazanmış bir yazıçıdır. Onun “Saz”, “Tütək səsi”, “Teleqram”, “Doğma və yad adamlar” əsərləri bəşəri mövzuların Azərbaycan miqyasındakı ədəbi mənzərələridir. “İdeal” romanının qısa müddətdə Türkiyədə çıxmasını istəyirəm. Çünki Azərbaycanın milli əmanətinin nəsildən-nəsilə necə ötürüldüyünü bədii şəkildə təsvir edən bu əsər məncə XX əsrin ən qiymətli romanlarından biridir”.
İrfan Ülkü Sabir Əhmədli, Əkrəm Əylisli, Vaqif Nəsibin nəsr əsərlərinin Türkiyədə çapdan çıxmasının vacibliyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR