Musiqili Komediya Teatrının yeni direktoru Elxan Ocaqov: “Tanınmış yerli və xarici aktyorlar teatra cəlb olunacaq”

Musiqili Komediya Teatrının yeni direktoru Elxan Ocaqov: “Tanınmış yerli və xarici aktyorlar teatra cəlb olunacaq”
# 19 yanvar 2007 08:16 (UTC +04:00)
“Keçid dövrü bütün sahələrə olduğu kimi, teatr sahəsinə də böyük ziyan vurub. Teatrlar tamaşaçılarını, repertuarını, formasını, korifeylərini itirməyə başladı. Bu baxımdan hər kəs səbəbi bir şeydə axtardı, dramaturq, rejissor çatışmazlığından, yüksək istedadlı aktyorların olmamağından şikayətləndi. Bu, kompleks bir işdir. Mən 10 il bu teatrda sərəncamçı direktor vəzifəsində işləmişəm. Bu müddətdə teatrın kollektivini də yaxından tanıya bilmişəm”. E. Ocaqov bildirib ki, teatra tamaşaçıların cəlb olunması üçün repertuarda dəyişikliklər ediləcək: “Hər bir teatr başa düşməlidir ki, bugünkü tamaşaçılar dünənki tamaşaçılar deyil. Bugünkü gənclik bütün dünyanın inkişaf axınına qoşulur və hər şeydən xəbərdardır. Ona görə də biz tamaşaçıları 20-30 il bundan qabaqkı tamaşalarla maraqlandıra bilmərik. Teatrın ab-havası günün tələblərinə cavab verməlidir”. “Teatr haqqında” qanun layihənin hazırlanmasını Azərbaycan teatrlarının inkişafı üçün çox böyük məqam kimi qiymətləndirən direktor teatrın güclü potensialının olmasını vacib sayıb: “Əgər teatr öz fəaliyyətini kütləyə çatdıra bilmirsə, o fəaliyyət mahiyyətini itirmiş olur. Ona görə də teatrda baş verən bütün yeniliklər, uğurlar tamaşaçılara çatdırılmalıdır. Bunun üçün güclü reklam maşınından istifadə etmək lazımdır. Biz adətən küçələrə afişa yapışdırmaqla işimizi məhdudlaşmış hesab edirik. Ancaq bu gün tamaşaçıları bununla teatra cəlb etmək olmaz. Bu səbəbdən də biz tamaşaçıları teatra cəlb etmək üçün digər vasitələrdən istifadə edəcəyik. Biletlərin qiyməti kommersiya maraqları üzərində qurula bilməz. Teatr xalqa xidmət göstərir və xalqın müxtəlif kasıb təbəqəsi, əlilləri var. Bütün bu təbəqələri nəzərə alaraq orta qiymət həddindən çıxış edirik. Biz gündəlik xidmət göstərən təşkilatıq. Teatr dövlət müəssisəsi olduğuna görə, şou-biznes maşınına qoşula bilmirik”. E. Ocaqov reklam vasitəsi kimi internetdən də istifadə edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, artıq tamaşaçılar və şirkət rəhbərləri internet vasitəsi ilə bilet sifariş edə biləcəklər. Direktor bildirib ki, aktyorlara verilən əmək haqları az olduğundan gəncləri teatra cəlb etmək çətindir: “Çox istedadlı gənclərimiz əmək haqqına görə teatrdan qaçırlar və kommersiya strukturlarında fəaliyyət göstərirlər. Onları teatra cəlb etmək lazımdır. İnanıram ki, dövlətimiz dövlət teatrlarının əmək haqları ilə bağlı müəyyən layihə hazırlayacaq”. Yaxın gələcəkdə Musiqili Komediya Teatrının əsaslı təmir olunacağını da deyən E. Ocaqov teatrın səs avadanlıqlarının yeniləri ilə əvəzlənməli olduğunu deyib. Musiqili Komediya Teatrına xarici və yerli tanınmış aktyorların dəvətini də istisna etməyən teatr rəhbəri bildirib ki, bu proses Hacıbaba Bağırovun dövründən gedir: “Bir vaxtlar teatrdan çox aktyorlar küsüb getmişdi. O zaman mətbuat konfransı keçirilirdi və həmin aktyorlardan Xanlar Muradov, Atabala Səfərov, Ağarəfi Rəhimov, Fuad Əhmədov, Novruz Əliyev, Afaq Bəşirqızı, Ələkbər Əliyevi teatra qaytardıq. Bu proses yenə də davam edir və bu yaxınlarda İlham Namiq Kamalı teatrımızda ştat əsasında işə başlayıb. Bizim teatrda hər zaman qəhrəman obrazları ifa edən vokalçıların qıtlığı olub. Bu yaxınlarda bir neçə gözəl vokal səsə malik qız və oğlanları teatra dəvət etmişik. Gənclərin teatra cəlb olunması üçün biz əlimizdən gələni edirik”. Elxan Ocaqov gələn ay Britaniyanın tanınmış teatr kollektivinin Musiqili Komediya Teatrının səhnəsində çıxış edəcəyini deyib. “Bu teatr dünyanın ən müasir səhnə texnologiyasından istifadə edir. Teatrın çıxışından biz çox şeyləri götürəcəyik. Mayda isə İsrail Dövlət Dram Teatrı Azərbaycana səfər edəcək. Bu günlərdə Moskvanın və Sankt-Peterburqun operetta teatrları ilə danışıqlara başlamışıq. Onların klassik tamaşalarının qəhrəmanlarını teatrımıza dəvət etmək və bizim teatrda çıxışını təşkil etmək istəyirik. Eyni zamanda bizim klassik tamaşaların qəhrəmanları da onların teatrı ilə çıxış edəcək. Bundan başqa həm rus, həm Azərbaycan bölməsinin yaxın gələcəkdə perspektivli qastrolları nəzərdə tutulub”. Elxan Ocaqov teatrın repertuarında şanlı iz qoyan “Hicran” və “Qaynana” tamaşalarının bərpa olunmayacağını deyib: “Bu tamaşalar görkəmli aktyorlarımızın ifasında sevilib. Nəsibə xanımın ifa etdiyi rolu tamaşaçılara başqa aktrisanın ifasında sevdirmək mümkün deyil. Ancaq Bəşir Səfəroğlunun ifa etdiyi “Milyonçunun dilənçi oğlu” artıq yaddaşlardan silinib və bu tamaşa hətta televiziyanın fondunda da tam formada yoxdur. Buna görə də həmin əsəri gənc rejissorun quruluşunda tam yeni və müasir şəkildə səhnələşdirəcəyik”. Elxan Ocaqov mərhum xalq artisti Hacıbaba Bağırovdan sonra Musiqili Komediya Teatrına rəhbərlik etməyin çətin olduğunu deyib: “Hacıbaba Bağırov hər zaman özü mənə imkan yaradıb ki, bu səlahiyyətləri həyata keçirim. Ona görə də mən öz işimi bilirəm. Hacıbaba Bağırovun ölümü Musiqili Komediya Teatrı üçün çox böyük bir itkidir. O, son nəfəsinə qədər bu teatra qayıtmaq ümidi ilə yaşayırdı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR