Dodo: "Azərbaycanı təkcə sevmirəm, bu ölkəyə aşiqəm" - MÜSAHİBƏ

Dodo: "Azərbaycanı təkcə sevmirəm, bu ölkəyə aşiqəm" - MÜSAHİBƏ
# 15 aprel 2020 13:52 (UTC +04:00)

2014-cü ildən başlayaraq hər il avrokuboklarda iştirak edən "Qəbələ"nin pik dövrü 2015-2017-ci illərə təsadüf etdi. "Qırmızı-qaralar" ardıcıl iki mövsüm Roman Qriqorçukun rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsində oynadı.

Həmin dönəmdə "Qəbələ"nin heyətində kifayət qədər keyfiyyətli futbolçular olsa da, onlardan biri azarkeşlərin qəlbində xüsusi taxt qurmağı bacardı. Söhbət "Qəbələ"ni ilk dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyan qolların müəllifi olan, 5 il bu komandanın şərəfini qoruyan və kapitanlıq sarğısını taxan braziliyalı Luis Paulo Hilario Dododan gedir.

Apasport.az saytının yeni "Xatirə dəftəri" rubrikasının ilk qonağı məhz Dododur. 33 yaşlı vinger ölkəmizlə bağlı maraqlı xatirələrini bizimlə bölüşüb.

"Heç yerdə "Qəbələ"dəki qədər sevilməmişəm"
- 2011-2016-cı illərdə Azərbaycanda oynamısınız. Ölkəmizlə bağlı xatirələriniz necədir?
- Onu deyə bilərəm ki, "Qəbələ" və Azərbaycan həyatımı dəyişdi. Azərbaycan çox darıxdığım, yenidən oynamaq istədiyim və karyeramı bitirmək arzusunda olduğum bir ölkədir. Azərbaycanda "Qəbələ" ilə inanılmaz xəyallarımı gerçəkləşdirdiyimi də unutmuram. Hətta istəsəm belə unuda bilmərəm. Çünki "Qəbələ" azarkeşləri buna imkan verməzlər. Hər gün onlardan dəstəklər alıram, sosial şəbəkədə söhbətləşirəm.

- Azərbaycanda ən çox nədən ötrü darıxırsınız?
- Sizinlə səmimi olacağam. Gördüyüm işlərə görə, heç yerdə "Qəbələ"dəki qədər sevilməmişəm və tanınmamışam. Azərbaycanı təkcə sevmirəm, bu ölkəyə aşiqəm. Beş il orada yaşadıqdan sonra Azərbaycan vətəndaşlığını ala bilmədiyim üçün çox məyus olmuşdum. Bunu necə izah edəcəyimi bilmirəm, amma Azərbaycanda hər şeyi sevirəm, ora ilə bağlı bütün xatirələrim böyükdür.

- Keçmiş komanda yoldaşlarınızdan və Azərbaycandan kimlərlə əlaqəniz davam edir?
- Hər zaman hər kəslə xoş münasibət quran insanam. Çalışdığım yerlərdə heç vaxt ədavətim olmayıb. Bu da ora uyğunlaşmağıma kömək olub. Demək olar ki, hər kəslə danışıram.

"Onlara imkansızın mümkün olduğunu göstərdim"
- İllər keçsə də, "Qəbələ" azarkeşləri hələ də sizi unutmurlar. Bunu nə ilə əlaqələndirmək olar?
- Ciddi çalışıram, insanlara hörmətlə yanaşıram, xoş münasibət qururam və işimlə onları sevindirmək istəyirəm. Hər kəsin bu qədər gözəl günləri unutması çətindir. Mənə hər gün "Qəbələ" azarkeşlərindən geri dönməyim üçün xahiş mesajları gəlir. Əgər onlar mənim də qayıtmaq istədiyimi bilsələr, daha çox xoşbəxt olarlar. Onları unutmamışam və həyatım boyu heç vaxt unutmayacağam.

- Dodo "Qəbələ"yə, "Qəbələ" Dodoya nə qazandırdı?
- Hər ikisinin bir-birini tamamladığını düşünürəm. Sevgi hər şeyini sevdiyin zaman şirindir. Belədə gerisi asan olur. Əlbəttə, mən onlara imkansızın mümkün olduğunu göstərdim. "Qəbələ" həyatıma ümid verdi, xəyallarımı gerçəkləşdirdi.

- "Qəbələ"nin uğurlu çıxışı daha çox sabiq baş məşqçi Roman Qriqorçukla əlaqələndirilirdi. Onun mənfi və müsbət tərəfləri nələr idi?
- Bütün qəlbimlə deyirəm ki, Qriqorçuk orada çox böyük işlər gördü. Onun kimi yaxşı məşqçi ilə çalışmaqdan ötrü darıxdığımı etiraf etməliyəm. Qriqorçukdan çox şey öyrəndiyim üçün onunla birlikdə işlədiyim dönəm barədə deyiləcək mənfi bir şey yoxdur. Daim futbolçulara hörmətlə yanaşıb, daha yaxşı olmağımız üçün çalışıb. Onu gördüyü işlərə görə, yalnız alqışlaya bilərəm.

"O, braziliyalı fenomen Ronaldoya bənzəyirdi"
- "Qəbələ"də bir çox tanınmış futbolçu ilə birlikdə çıxış etdiniz. Hansı sizin yaddaşınızda daha çox qalıb?
- Hamısı yadımda qalıb. Amma içlərində biri var ki, onu daha çox sevirəm. Bu, Ürfan Abbasovdur. Ürfan yenicə oynamağa başlayanda utancaq idi. Ona dedim ki, sənin Azərbaycan millisinə qədər yüksəlməyinə kömək edəcəyəm. Mənimlə eyni cinahda çıxış edirdi. Nə deyirdimsə, qulaq asırdı. Çox tez öyrəndi və əlbəttə ki, həmişə yaxşı oynayırdı. Onu bir insan kimi daha çox sevməyimin səbəbinə gəlincə... Bir dəfə Azərbaycan millisi Latviya ilə oynamaq üçün bura gəlmişdi. Matçı izləməyə getmişdim. Qarşılaşmadan sonra Ürfan məni çox isti qarşıladı. Formasını istədiyim zaman isə iki dəfə düşünmədi, onu mənə verdi.

- Sizcə, "Qəbələ"nin həmin dönəmdəki ən yaxşı futbolçusu kim idi?
- Viktor Mendi. Onun kimi hücumçu heç vaxt görməmişəm. Mendi braziliyalı fenomen Ronaldoya bənzəyirdi. Hərtərəfli ideal forvard idi. Onunla oynadığım zaman çoxlu məhsuldar ötürmə vermək asan olurdu. Hər epizodu qolla yekunlaşdıra bilirdi. Qüvvətli və sürətli futbolçu idi. Sadaladığım bu xüsusiyyətlərə görə, mənim üçün "Qəbələ"də ən yaxşısı o olub.

- Azərbaycanda üz-üzə gəldiyiniz ən güclü müdafiəçi kim olub?
- Normalda çox təvazökar insanam. Amma Azərbaycanda mən müdafiəçilərə daha çox çətinlik yaratdım, nəinki onlar mənə. Lakin çox hörmət bəslədiyim və azarkeşlik etdiyim bir müdafiəçi var idi. O, çox oynayırdı. Həmin futbolçu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovdur. Bu günə qədər onu izləyirəm.

- Bəs burada gördüyünüz ən zəif futbolçu kim olub?
- Düşünürəm ki, zəif futbolçu yoxdur. Kiminsə zəif olduğunu da demək istəməzdim. Hansısa oyunçu oyun üslubuna görə, getdiyi komandaya uyğunlaşmaya bilər. Birini düşünməyə çalışıram, amma heç kim ağlıma gəlmir.

"Bunu etsəniz gedəcəyəm" dedim və getdim"
- "Qəbələ"də ən yaddaqalan oyununuz hansı olub?
- Şübhəsiz ki, "Panatinaikos"la oyun. Düşünürəm ki, təkcə mən yox, bütün futbolçular üçün ən yaddaqalan matç odur. Məncə, Yunanıstandakı görüşü təkcə "Qəbələ" azarkeşləri deyil, bütün Azərbaycan televiziya qarşısında canlı izləyirdi. Bu, hamımız üçün xüsusi gündür.

- Bəs hansı qol digərlərindən fərqlidir?
- "Panatinaikos"a Yunanıstanda vurduğum qollar bizi klub tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə daşıdı. Həmin qollar mənim hədəfimi reallaşdırdı. Amma qrupda Dortmund "Borussiya"sı ilə Bakıdakı matçda vurduğum qol mənim üçün xüsusi idi.

- "Qəbələ"də olduğunuz son ildə intizamsız hərəkətlərə yol verdiyiniz üçün ayrıldığınız bildirildi. Həqiqətən də belə idi?
- Xeyr, bunlar yalandır. Bunlar komandanın avrokubokda qrupa vəsiqə qazanmasına kömək edən qolları vuran futbolçunun ayrılmasına səbəb kimi ortaya atılan bəhanələrdir. Sadəcə, baş menecer Zaur Əzizov klubun problem yaşadığını dedi. Maaşımı yarıya endirəcəkdilər, mən də bununla razılaşmadım. Çünki yeni müqavilə bağlayan oyunçular var idi. "Qəbələ"də heç vaxt problemim olmayıb. Əgər intizamla bağlı problemim var idisə, niyə keçən il məni komandaya qaytarmaq istəyirdilər? Dediyim kimi, ayrılmağıma səbəb maaşımın yarıya endirilməsi təklifi idi. "Bunu etsəniz gedəcəyəm" dedim və getdim.

"Küçədə yaşamış insanam, Qəbələdə qalmaq necə çətin görünər?"
- Əcnəbi futbolçular adətən Qəbələdə yaşamağın çətinliyindən şikayətlənirdilər. Siz bu çətinliyi hiss edirdiniz?
- Mənim üçün çətin yer yoxdur. Düşünürəm ki, bunu bəhanə edənlər həmin yerə layiq deyillər. Qəbələdə bütün idmançılar hər şeyə sahib idilər. Evimiz var idi, lüks yaşayış üçün şərait yaradılmışdı. Mən küçədə yaşamış insanam. Sizcə, belə adam üçün Qəbələdə qalmaq necə çətin görünər?

- 5 il ölkəmizdə yaşadınız. Yerli vətəndaşlıq almağınız və milliləşdirilməyinizlə bağlı AFFA-dən təklif oldumu?
- Bəli, belə bir variant yaranmışdı. Buna görə çox xoşbəxt idim. Hətta həmin vaxt müsahibələrimdə də buna razı olduğumu demişdim. Hər kəs Azərbaycan vətəndaşlığına mümkün keçidimlə bağlı mənimlə danışırdı. Lakin bunun reallığa çevrilməsi üçün lazım olan köməkliyi almadım.

- Azərbaycan çempionatını, "Qəbələ"nin oyunlarını izləyirsiniz?
- Əlbəttə ki, izləyirəm. Zaur Əzizovdan tez-tez komandanın, futbolçuların durumu barədə soruşuram. İndi hər kəs çətin dönəmdən keçir. Hazırkı məqamda öyrənmək və daha güclü olmaq şərtdir. Getdiyim hər yerdə "Qəbələ" haqda məlumat verirəm, hamı bu böyük klubu tanıyır. Komanda indi də yaxşıdır. Sadəcə, təcrübəli futbolçulara ehtiyacı var. Əminəm ki, yenidən çempionluğa oynayacaq "Qəbələ" izləyəcəyik.

"Başıma bunların gələcəyini bilsəydim, "Qəbələ"də qalardım"
- "Qəbələ"dən ayrıldıqdan sonra karyeranızda eniş, yoxsa yüksəliş oldu?
- Yunanıstanda yüksəlişə keçə, xoşbəxt ola bilərdim. Amma arzuolunmaz hadisə ilə üzləşdim. Bir dəfə ayağım az qala qırılacaqdı. Əməliyyat olundum, 2 il futbolsuz qaldım. Ancaq futbola dönə bildim. Artıq Latviyada ikinci ilimi keçirirəm.

- 2016-cı ildə "Qəbələ"dən ayrıldığınız üçün peşman deyilsiniz?
- Təəssüflənmirəm, düşünürəm ki, bunlar olmalı idi. Təbii ki, başıma bunların gələcəyini öncədən bilsəydim, "Qəbələ"də qalardım. Amma heç kim sabah nə yaşayacağını bilmir.

- Son olaraq Azərbaycanda başınıza gəlmiş maraqlı bir hadisə deyə bilərsiniz?
- "Qafqaz" otelində qaldığımız zaman yaşadığımız mənzildə qapını açmaq üçün kart var idi. Bir dəfə məşqə çıxmaq üçün 15 dəqiqə vaxtım qalmışdı, kartı dəyişə bilmədim. Buna görə də, qapını elə-belə bağlayıb məşqə getdim. Geri qayıdanda mənzilimin qapısının tamamilə açıq olduğunu gördüm. Narahat oldum, içəri girdim ki, görüm kimsə varmı. Heç kim yox idi. Anidən dönəndə pəncərədə mənə baxan pişik gördüm. Özünü əsdirdi, qorxduğumdan nə edəcəyimi bilmədim. Ayaqqabımı çıxarıb yanına atdım. Məqsədim onu vurmaq yox, mənzildən çıxarmaq idi. Sanki mənə hücum etməyə hazırlaşırdı, tez divanın arxasında gizləndim. Ona hər şey qoydum. Nəhayət, pişik mənzili tərk etmək istəyəndə qapı bağlandı. Tez qonaq otağının qapısını bağlayıb, orada qaldım. Pişikdən qorxduğum üçün duş qəbul etmədim, hətta paltarımı da dəyişmədim. Pişiyin evdə olub-olmadığını görməsi və kömək üçün bir futbolçuya zəng vurdum. Amma o, artıq oteldən çıxmışdı. Birtəhər çıxıb məşqə getdim. Ayrılanda da qapını açıq qoydum ki, evdən çıxsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR