Qurban Qurbanov: “Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın” – MÜSAHİBƏ

Qurban Qurbanov: “Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın” – MÜSAHİBƏ
# 27 oktyabr 2020 16:20 (UTC +04:00)

“Hazırlaşmağa çox vaxtımız yoxdur. Futbolçularla birlikdə rəqibin oyunlarına baxıb, təhlil aparmışıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la keçiriləcək oyunöncəsi danışarkən deyib.

Oktyabrın 29-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda rəqibini qəbul edəcək Azərbaycan çempionu bu gün qardaş ölkəyə yollanır.

Səfəröncəsi Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandıran Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Sabaha yüngül məşq salmışıq. Oyun günü də məşq keçəcəyik. Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq. Çempionatlar fərqli olsa da, rəqibin məşqçisinin də böyük önəmi var. Hamımız bilirik ki, Unay Emeri fərqli, çox tələbkar məşqçilərdən biridir. “Vilyarreal” yaxşı rəqibdir. İstənilən halda, düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evimizdəki kimi hiss etməyə çalışacağıq”.

- Emeri “Arsenal”ı çalışdırarkən onunla üz-üzə gəlmisiniz. Həmin “Arsenal”la indiki “Vilyarreal” arasında oxşarlıq varmı?
- “Arsenal”da bir qədər fərqli futbol oynadırdı, sistemi dəyişmişdi. Daha çox 5 müdafiəçiyə üstünlük verirdi. Amma burada sırf əvvəlki vaxtlardakı – “Valensiya”dakı oyun üslubuna üstünlük verir. Çox sürətli oyunçuları var, topla həddən artıq çox davranırlar. Hazırda La Liqada da liderlər sırasındadır. Hətta liderliyi ötən turda əldən verdilər. Ölkəsində inamlı və istəkli futbol göstərən komandadır.

- Türkiyə qardaş ölkədir, bu öz yerində. Ancaq “Qarabağ” növbəti dəfə alternativ ölkədə oynamalı olacaq. Bu amilin nəticəyə təsiri ola bilərmi?
- Səfərdə oynaya bilərik. Belə olanda digər səfər matçına qədər 12-14 gün vaxtın olur. Bu müddətdə futbolçular daha yaxşı adaptasiya olurlar, öz formalarını tez bərpa edirlər. Amma indi nə çempionat, nə də avrokubok oyunlarına futbolçularımız adaptasiya dönəmini keçə bilmir. İki gün burada, iki gün havada, get-gəl... Bu, futbolçular üçün çox çətindir. Məşq keçməyə və ya az məşq edə bilərsən. Amma hər ölkənin də iqlimi fərqli olur. Bunu tez-tez dəyişmək insan orqanizmində böyük problemə yol açır. İstənilən halda, İstanbulda özümüzü evimizdəki kimi hiss edəcəyik. Türkiyədə çıxış etməyimiz əlavə motivasiyadır.

- Azərbaycan Ordusu işğal altında olan torpaqları geri qaytarmaqdadır. Bu amilin komandaya nə dərəcədə psixoloji təsiri dəyir?
- Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın. 5 günə, 10 günə və ya bir aya... Təki qayıtsın. Bizim üçün çətin olsa da, bütün matçları səfərdə keçirməyə də razıyıq. İnşallah, tezliklə Bakıda yox, Qarabağda oyunlarımız olar. Bunun üçün hər şeydən keçməyə hazırıq.

- Sabah “Başakşəhər” öz meydanında Çempionlar Liqası matçına çıxacaq. Məşq proqramınız necə olacaq?
- “Başakşəhər” klubunun rəhbərliyi bizi çox isti qarşıladı. Hər iki məşqimiz klubun bazasında, məşq meydanlarında olacaq. Əsas stadiona sadəcə matç vaxtı gedəcəyik

- Bədavi və Maksimin problemləri var. Rahil Məmmədov müdafiənin mərkəzində oynamağa nə dərəcədə hazırdır?
- Əgər ikisi də oynamasa, başqa variantımız olmayacaq. Rahil “Zirə” ilə görüşdə heç də pis təsir bağışlamadı. Düşünürəm ki, belə görüşlərdə daha ciddi və məsuliyyətli olacaq. Rahil peşəkar insandır, inanıram ki, özünü doğruldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR